Trampın YENİ PLANI – Orbanın BMT-nin baş katibliyinə namizədliyi İRƏLİ SÜRÜLDÜ

Hazırda oxunan: Trampın YENİ PLANI – Orbanın BMT-nin baş katibliyinə namizədliyi İRƏLİ SÜRÜLDÜ

644265

ABŞ Prezidenti Donald Trampın administrasiyası Macarıstanın keçmiş baş naziri Viktor Orbana BMT-nin baş katibi vəzifəsinə namizədliyini irəli sürməyi təklif edib. Rusiya və Çinin də bu ideyaya müsbət yanaşdığı bildirilir.

Bizim.Media xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
 

Qəzetin yazdığına görə, üç ölkənin rəsmiləri Vaşinqtonun Orbanın mümkün namizədliyini gündəmə gətirdiyini təsdiqləyiblər. Bu halda Orban ABŞ, Rusiya və Çinin birgə dəstəklədiyi namizəd ola bilər. Təkliflə bağlı hələlik yekun qərar verilməyib.


Qəzetə məlumat verən ABŞ Dövlət Departamentinin rəsmisi ideyanın ilk baxışdan qeyri-real görünə biləcəyini etiraf etsə də, üç böyük dövlətin BMT Təhlükəsizlik Şurasında kifayət qədər dəstək toplaya biləcəyini bildirib.

Mənbənin qiymətləndirməsinə görə, Təhlükəsizlik Şurasının 15 üzvündən səkkizi Orbanı “rahatlıqla” dəstəkləyə bilər.

Bununla belə, Təhlükəsizlik Şurasının daimi üzvləri olan Böyük Britaniya və Fransanın namizədliyə qarşı çıxmaq ehtimalı var. Hər iki ölkə veto hüququna malikdir. Lakin nəşr qeyd edir ki, London və Paris indiyədək bu hüquqdan istifadə məsələsində, ehtiyatlı mövqe nümayiş etdiriblər.

“The Wall Street Journal”ın məlumatına görə, Orbanın adı ABŞ, Çin və Rusiya rəsmilərinin mümkün namizədlərlə bağlı müzakirələrində dəfələrlə gündəmə gəlib.

Tramp administrasiyasının ideoloji seçimi

Nəşr mümkün namizədliyə Tramp administrasiyası ilə Orban arasındakı ideoloji yaxınlığın təsir etdiyini vurğulayıb. Qəzet Macarıstanın keçmiş baş nazirini MAGA hərəkatının “arzuladığı mühafizəkar namizəd” kimi xarakterizə edib.

Üstəlik, Çinlə sıx əlaqələrinə baxmayaraq, Orban özünü Qərb sivilizasiyasının müdafiəçisi kimi təqdim edir.

ABŞ Prezidenti Donald Tramp 2026-cı ilin aprelində Macarıstanda keçirilən seçkilərdə Orbanı dəstəkləyib. ABŞ-ın vitse-prezidenti Cey Di Vens də onun seçki kampaniyasında iştirak edib.
 

Məsələ ilə tanış olan başqa bir mənbə qəzetə bildirib ki, Orban BMT baş katibi postuna namizədliyini irəli sürərsə, Tramp və Vensin onu yenidən dəstəkləyəcəyi gözlənilir. Bununla belə, namizədliyin elan edilməsinin ABŞ-da keçiriləcək aralıq seçkilərdən sonraya saxlanıldığı bildirilir.


Məlumata görə, ABŞ rəsmiləri əvvəlcə Orbanla əlaqə saxlayaraq onun bu vəzifəyə marağını öyrəniblər. Macarıstanın keçmiş baş naziri təklifə müsbət yanaşsa da, ehtiyatlı mövqe tutub. Siyasətçinin qələbə şanslarının yüksək olduğuna əmin olmadığı təqdirdə namizədliyini irəli sürmək istəmədiyi bildirilir.

Orban məsələ ilə bağlı açıqlama verməkdən imtina edib.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) diplomatı Lana Nusseibeh ötən həftə BMT baş katibi postuna namizədliyini irəli sürüb. Məlumat üçün bildirək ki, BMT-nin hazırki baş katibi Antonio Quterreşin səlahiyyət müddəti 2026-cı il dekabrın 31-də başa çatır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin