Almaniyanın şimalındakı Bremerhaven limanında "Mein Schiff 3" kruiz gəmisi konteyner gəmisi ilə toqquşub.
Bizim.Media xəbər verir ki, bu barədə Bremen Liman İdarəsi məlumat yayıb.
Nəticədə konteyner gəmisinin gövdəsində təxminən 10 metr uzunluğunda çat əmələ gəlib.
Toqquşma 25 oktyabr axşamı layner lövbər saldığı yerdən qalxarkən baş verib. "Mein Schiff 3" Liberiya bayrağı altında üzən "MSC Victorine" gəmisi ilə toqquşub. 2023-cü ildə inşa edilən bu konteyner gəmisinin tutumu 16.520 TEU və uzunluğu 365,97 metrdir. Sərnişin gəmisi həmçinin daha kiçik konteyner gəmisi olan "MSC Anne F" ilə ciddi toqquşmadan yayınıb. İki yedək gəmisi zədələnib.
Toqquşmadan sonra kruiz gəmisi dəymiş ziyanı qiymətləndirmək üçün körpüyə qayıdıb. Xəsarət alan olmayıb. Hadisənin fırtınalı hava və güclü külək səbəbindən baş verdiyi bildirilir. Sərnişin laynerinin 20 günlük Kanar adalarına kruiz səfərinə çıxması və 14 noyabrda Almaniya limanına qayıtması planlaşdırılırdı. İlkin məlumata görə, gəmidə 2428 sərnişin və 922 heyət üzvü olub.
Bizim.Media





























































































