“Xalq artisti Zaur Rzayev reanimasiyada müalicə alır, vəziyyəti hələ də ağır olaraq qalmaqdadır”.
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Mərkəzi Neftçilər Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, 1952-ci il təvəllüdlü şəxs (kişi) okytabrın 14-ü, saat 21:30 radələrində Mərkəzi Neftçilər Xəstəxanasının Qəbul şöbəsinə hospitalizasiya edilib. Ona qaraciyər sirrozu, assit və toksiki ensefalopatiya diaqnozları təyin edilib.
Hazırda pasiyentin müalicəsi Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, Z.Rzayev sentyabrın 5-də xəstəxanaya yerləşdirilib. Ona qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozları qoyulub. Sənətçiyə zəruri tibbi xidmətlər göstərilib. Bir neçə gün müalicəsi ev şəraitində davam edən Xalq artisti ayın 14-də yenidən xəstəxanaya yerləşdirilib.
Fəridə, Bizim.Media


































































































