Əvvəl 2026 deyirdi, indi 2031-ci ildən danışır... – Paşinyanın SÜLH PARADOKSU

Hazırda oxunan: Əvvəl 2026 deyirdi, indi 2031-ci ildən danışır... – Paşinyanın SÜLH PARADOKSU

642634

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişi ilə bağlı açıqlama verib. O, bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması 2031-ci ilə qədər reallaşmalıdır.

Paşinyan özünün qarşısına belə bir tapşırıq qoyduğunu vurğulayıb.

Amma Ermənistan liderinin bu fikirləri birmənalı qarşılanmayıb. Çünki sülh sazişinin daha tez bir vaxtda imzalanacağına ümid var idi.
 

Üstəlik, Paşinyan əvvəllər dəfələrlə bəyan etmişdi ki, 2026-cı ildə Ermənistanda referendum keçiriləcək. Bundan sonra, Azərbaycanla sülh sazişi imzalanacaq. Artıq 2026-cı ilə başa çatmaq üzrədir. Lakin Ermənistanda keçiriləcək referendumla bağlı hər hansı bir tarix söylənilmir.


Nəzərə alaq ki, Cənubi Qafqazda davamlı sülhün bərqərar olması Azərbaycan və Ermənistan xalqlarının gələcəyi, regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıyır. Lakin sülhün zəruriliyini qəbul etmək başqa, onun əldə olunmasını uzaq gələcəyə saxlamaq tamam başqa məsələdir. Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh sazişinin imzalanması və ratifikasiyası üçün 2031-ci ilədək müddət müəyyənləşdirməsi məhz bu baxımdan ciddi suallar doğurur.

Razılaşdırılmış sənəd var, bəs niyə beş il gözləmək lazımdır?

Bu məsələnin mahiyyətini anlamaq üçün 2025-ci ilin avqustunda əldə olunmuş razılaşmanı xatırlamaq kifayətdir. Avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə sülh prosesində tarixi addım atıldı. İki ölkənin xarici işlər nazirləri sülh sazişinin razılaşdırılmış mətnini parafladılar. Sənədin mətni avqustun 11-də ictimaiyyətə təqdim edildi.
 

Beləliklə, tərəflər arasında münasibətlərin gələcək hüquqi çərçivəsini müəyyənləşdirən sənəd artıq tam hazırdır. Saziş qarşılıqlı suverenliyin və ərazi bütövlüyünün tanınmasını, ərazi iddialarından imtinanı, gücdən istifadə etməmək öhdəliyini və dövlətlərarası münasibətlərin qurulmasını nəzərdə tutur.


Təbii ki, paraflanmış sənədlə imzalanmış və ratifikasiya edilmiş saziş eyni hüquqi mərhələ deyil. Dövlətlərin daxili prosedurları, siyasi qərarları və digər zəruri şərtlər mövcuddur. Ancaq bu fərq özlüyündə beşillik gözləmə müddətinin zəruriliyini əsaslandırmır.

Paşinyanın açıqlaması bu səbəbdən suallar doğurur. Əgər Ermənistan hökuməti sülhü özünün ən mühüm vəzifəsi hesab edirsə, onda həmin vəzifənin icrasını 2031-ci ilə qədər uzatmaq əvəzinə, prosesin daha tez başa çatdırılması üçün konkret addımlar atmalıdır.

2031-ci il siyasi hədəfdir, yoxsa məsuliyyəti gələcəyə ötürmək?

Paşinyan 2031-ci ili Ermənistan hökumətinin 2026–2031-ci illəri əhatə edən proqramı ilə əlaqələndirir. Onun sözlərinə görə, sülh sazişinin imzalanması və ratifikasiyası qarşıdakı illərin əsas prioritetlərindən biri olacaq.

Paşinyan 2031-ci ilədək məqsədə çatmağın mümkün olduğunu bildirsə də, ictimaiyyətə açıqlanan mövqedə bu qədər uzun müddətin niyə zəruri olduğu aydın əsaslandırılmır.

Bu da o deməkdir ki, rəsmi İrəvan sadəcə məsuliyyətdən qaçır.

Əvvəlki illərdə sülh sazişinin yeni parlament seçkilərindən sonra imzalanacağını bəyan edilmişdi. Paşinyanın komandası seçkilərə də bu platforma ilə getmişdilər. İndi isə sülh sazişi növbəti seçkilərə qədər “təxirə salınır”.
 

Təbii ki, bu qeyri-müəyyənlik narahatlıq yaradır. Axı, sülhü prioritet elan etmək kifayət deyil. Həmin prioritetin icrası üçün ölçülə bilən hədəflər və konkret zaman cədvəli də təqdim edilməlidir.


Paşinyan nələri diqqətdən qaçırır?

Sülh sazişinin imzalanması yalnız diplomatik mərasimdən ibarət deyil. Bu, hər iki dövlətin üzərinə qarşılıqlı öhdəliklər götürməsi, münasibətlərini hüquqi çərçivəyə salması və gələcək mübahisələri sülh yolu ilə həll etmək mexanizmlərini qəbul etməsi deməkdir.

Paraflanmış sazişin mətnində tərəflərin bir-birinə qarşı ərazi iddiaları irəli sürməməsi, dövlətlərin ərazi bütövlüyünə hörmət etməsi və münasibətlərdə gücdən istifadədən çəkinməsi nəzərdə tutulur. Sənəd, həmçinin sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin davam etdirilməsini müəyyənləşdirir.

Buna görə də Ermənistan hökumətinin qarşısında duran əsas vəzifə sülhün əhəmiyyətini təkrar-təkrar bəyan etmək yox, razılaşdırılmış prinsiplərin tam hüquqi qüvvə qazanması üçün zəruri qərarları qəbul etməkdir.

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması regionun nəqliyyat əlaqələrinin açılması, iqtisadi əməkdaşlığın genişlənməsi və qarşılıqlı etimadın möhkəmlənməsi üçün də əhəmiyyətlidir. Paşinyanın özü də nəqliyyat kommunikasiyalarının açılmasını və TRIPP layihəsini hökumətin gündəliyində mühüm istiqamətlər kimi göstərib.
 

Ancaq bu layihələrin uğuru üçün siyasi bəyanatlarla yanaşı, hüquqi müəyyənlik də lazımdır. Sazişin imzalanmasının uzaq tarixə bağlanması isə iqtisadi və regional əməkdaşlıqdan gözlənilən faydaların reallaşmasını çətinləşdirə bilər.


İndi əsas məsələ vaxtı uzaq gələcəyə planlaşdırmaq deyil, qalan maneələri aradan qaldırmaqdır. Əlbəttə, davamlı sülh tələsik və formal qərarlarla deyil, hüquqi öhdəliklərin dəqiq yerinə yetirilməsi ilə təmin olunur. Ancaq bu prinsip prosesi illərlə uzatmağın avtomatik bəraəti də ola bilməz.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin