Amerikalı milyarder İlon Mask “Grok” süni intellekt modelinin hazırda “Anthropic” şirkətinin modellərindən geri qaldığını etiraf edib.
Bizim.Media xəbər verir ki, bu barədə “Wccftech” məlumat yayıb.
Mask “China Media Group”a müsahibəsində Grok 4.7 modelini “etibarlı iş modeli” adlandırıb. Bununla belə, o, modelin hələlik Claude Opus 5.5 səviyyəsinə çatmadığını bildirib.
Milyarderin sözlərinə görə, bunun əsas səbəblərindən biri təcrübə fərqidir. O qeyd edib ki, Grok komandası süni intellekt üzərində təxminən üç ildir çalışır, Anthropic isə bu sahədə altı illik təcrübəyə malikdir.
Mask “xAI” şirkətinin 2027-ci ildə süni intellekt sahəsində ön sıralara çıxacağını gözlədiyini bildirib. Onun sözlərinə görə, Grok 4.7 bəzi uzunmüddətli iş tapşırıqları üzrə testlərdə Claude-a yaxınlaşıb, lakin terminaldan istifadə üzrə əhəmiyyətli dərəcədə geri qalıb.
Bu arada, Grok Bot adlı süni intellekt agentinin auditoriyasının sürətlə artdığı bildirilir. Maskın sözlərinə görə, agentin istifadəçi sayı hər ay təxminən iki dəfə artır. Lakin o, istifadəçilərin ümumi sayını açıqlamayıb və buna görə də artımın real miqyasını müstəqil şəkildə qiymətləndirmək mümkün deyil.
Mask həmçinin Grok-un inkişaf istiqamətlərindən birinin “real mühəndislik” olacağını bildirib. Onun sözlərinə görə, “Tesla” və “SpaceX”in malik olduğu məlumat və təcrübə süni intellektə yalnız proqramlaşdırma ilə deyil, həm də fiziki sistemlər və mühəndislik tapşırıqları ilə işləməyi öyrətməyə kömək edə bilər.
Bizim.Media






























































































