Xəyalımızdakı ən gözəl quruluşlu evi də alsaq, yenə də hansısa hissəsini dəyişmək istəyəcəyik. Çünki, ev dekorunda şəxsi müdaxiləmiz bizim millət olaraq ən böyük hobbimizdir. Ya qapının yerini dəyişəcəyik, ümumiyyətlə qapını mənasız hesab edib, onu arko ilə əvəzləyəcəyik. Bəzən mətbəxi yerli-yurdlu dəyişib otağa gətirmək könlümüzə düşəcək. Ya da ümumiyyətlə, divar gözümüzə artıq görünəcək, dağıdıb otağa qatacağıq. Hətta bu “vərdiş”imizi bilən memarlar yeni tikilən mənzillərdə bəzən arakəsmə divarları da qoymurlar ki, sakin onsuz da dəyişiləcək, ancaq yenə doymuruq. Bəzən unuduruq ki, bu dəyişikliklər binalarda əlavə risklər yarada bilər.
Bəs hansı divarları sökmək olar, hansılara isə toxunmaq təhlükəlidir?
Mütəxəssislər xəbərdarlıq edir ki, divarın sadəcə arakəsmə olub-olmadığını vizual olaraq müəyyənləşdirmək kifayət deyil, mütləqdir ki, binanın eskiz layihəsi diqqətlə öyrənilsin.
Əsas məsələ binanın daş, kərpic və ya panel olması yox, konkret divarın və digər elementlərin yükdaşıyan sistemdə hansı funksiyanı yerinə yetirməsidir. Azərbaycanda normativ sənədlərdə yükdaşıyan divarların, bünövrələrin, mərtəbəarası örtüklərin və s. razılaşdırılmadan sökülməsinin binanın dayanıqlığına və zəlzələyə davamlılığına mənfi təsir göstərə biləcəyi xüsusi qeyd olunur.
Panel binada niyə xüsusilə ehtiyatlı olmaq lazımdır
Tikiti üzrə mühəndis Elbrus Nuriyev Bizim.Media-ya bildirdi ki, əslində panel binada divarların hamısı eyni deyil: daşıyıcı xarici panellər binanın şaquli yükünü daşıyır, daxili panellər mərtəbələrdən gələn yükləri aşağı ötürür:
“Onların içində bəzi daxili divarlar yükdaşıyan olmayan arakəsmələrdir. Əgər götürülməsi həqiqətən mütləqdirsə, onu da eskizə baxıb, mühəndislə məsləhətləşib həyata keçirmək lazımdır. Panellərin özünü sökməkdən əlavə, panelləri birləşdirən düyünlərə, armatur və metal birləşmələrə müdaxilə də təhlükəlidir. İripanelli binalarda birləşdirici qovşaqları xüsusi hesablanmış olur. Yəni, məsələn, iki otağı birləşdirən divarın sökülməsi yalnız həmin mənzilin divarının götürülməsi demək deyil. Əgər həmin panel daşıyıcıdırsa, onun üzərindəki yüklərin ötürülmə sxemi dəyişir və nəticə digər mərtəbələrə də təsir göstərə bilər”.
Mühəndis diqqətə çatdırdı ki, praktiki olaraq, daşıyıcı divarlar və panelləri tam sökmək, hətta içində böyük ara açmaq, məsələn qapı üçün keçid yaratmaq, sütunları sökmək olmaz. Xüsusilə də aralardakı armatur birləşdiriciləri “sadəcə dəmir parçası” kimi görüb kəsmək böyük təhlükə yarada bilər.
Şəfiqə Şəfa, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:30 / 01.10.2026
Mənzilinin divarlarını, balkonları söküb otağa birləşdirənlərə XƏBƏRDARLIQ
Hazırda oxunan: Mənzilinin divarlarını, balkonları söküb otağa birləşdirənlərə XƏBƏRDARLIQ
Hazırda oxunan: Mənzilinin divarlarını, balkonları söküb otağa birləşdirənlərə XƏBƏRDARLIQ
639663
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































