Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Avropa ölkələrinə Kalininqrad vilayəti ilə bağlı açıqlamalarında “hərarəti azaltmağı” tövsiyə edib.
Bizim.Media xəbər verir ki, Peskov oktyabrın 1-də keçirdiyi brifinqdə Avropada Kalininqrad vilayətinin mümkün blokadası ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.
Kremlin sözçüsü Kalininqrad vilayətinin Rusiyanın ayrılmaz hissəsi olduğunu vurğulayıb:
“Burada hərarəti azaltmaq lazımdır. Avropada hər kəs başa düşməlidir ki, bu, Rusiya Federasiyasının ayrılmaz hissəsidir. Rusiya heç vaxt kiminsə bu ayrılmaz hissəyə müdaxilə etməsinə imkan verməyəcək. Bununla belə, hesab edirik ki, hazırda olduğu kimi, bu cür ritorika üstünlük təşkil etməməlidir”.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin mayın sonunda Avropa İttifaqı ölkələrini Kalininqrad vilayətinin təhlükəsizliyinə dair xəbərdar edib. O bildirib ki, bölgəyə təhlükə yaranacağı təqdirdə Rusiyanın bütün hərbi imkanlarından istifadə olunacaq.
Putin Litvanın xarici işlər naziri Kyaustutis Budrisin NATO-nun zərurət yaranacağı halda Kalininqrad vilayətindəki Rusiya hava hücumundan müdafiə sistemlərini və raket komplekslərini “yerlə-yeksan etmək” imkanına malik olduğu barədə açıqlamasına da münasibət bildirib. O, Moskvanın da bunu etməyə cəhd göstərəcək tərəfləri “yerlə-yeksan etmək” üçün bütün vasitələrə malik olduğunu deyib.
Bizim.Media































































































