Yeni tədris ilinin başlamasından artıq 15 gün ötüb. Bu müddətdə tələbələri maraqlandıran əsas məsələlərdən biri də təqaüdlərin nə vaxt ödəniləcəyidir.
Universitetlərin əksəriyyətində yay tətili müddətində tələbələrə təqaüd verilmir. İyul və avqust aylarının təqaüdləri sentyabr ayının təqaüdü ilə birlikdə ödənilir. Bu səbəbdən tələbələr sentyabr ödənişinin nə vaxt həyata keçiriləcəyini gözləyirlər.
Maraqlıdır ki, universitetlər 3 aylıq tələbə təqaüdlərini ödəyiblər?
Bizim.Media mövzuyla əlaqədar universitetlərin bəzilərinə sorğu ünvanlayıb.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova sorğumuza cavab olaraq bildirib ki, həm yuxarı, həm də birinci kursların təqaüdləri növbəti həftə ödəniləcək.
Azərbaycan Texniki Universitetinin (AZTU) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Sevinc İsgəndərovanın sözlərinə görə AZTU-da təqaüdlər ödənilib.
Bakı Slavyan Universitetində də tələbələr artıq təqaüdlərini alıblar.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) mətbuat katibi Taleh Mirzəyev bildirib ki, yuxarı kursların 3 aylıq tələbə təqaüdü artıq ödənilib.
"I kurs tələbələrə isə yalnız sentyabrın 15 gününün təqaüdü ödənir. Onların sistemə yerləşdirilməsi, tələbə biletlərinin verilməsi məsələlərinə görə təqaüdlərinin oktyabrla birlikdə verilməsi gözlənilir".
Azərbaycan Dillər Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cavid Zeynallının verdiyi məlumata əsasən, ADU-nun tələbə təqaüdləri də artıq köçürülüb.
Nəzrin Mirzəyeva, Bizim.Media


































































































