İbtidai sinifdə oxu bacarığının formalaşdırılması şagirdin yalnız düzgün və səlis oxuması ilə məhdudlaşmır. Əsas məsələ onun oxuduğunu anlaması, əsas fikri müəyyənləşdirməsi və nəticə çıxara bilməsidir.
Bəs şagirdlərin oxu bacarığının zəif olmasının əsas səbəbləri nələrdir?
Mövzu ilə bağlı müəllimlərin fikirlərini öyrənmək istədik.
Füzuli Gözəlov adına 124 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Ülviyyə Ələkbərova Bizim.Media-ya açıqlamasında bildirib ki, şagirdin oxuduğunu anlaması, məlumatı əlaqələndirməsi, nəticə çıxarması və öz fikrini ifadə etməsi oxu bacarığının əsas komponentlərindəndir.
Oxu bacarığının zəif olmasının əsas səbəbləri
15 illik pedaqoji təcrübəyə malik müəllim qeyd edib ki, məsələ tək bir səbəblə izah oluna bilməz və bu, bir neçə amilin qarşılıqlı təsirinin nəticəsidir.
Ələkbərovanın sözlərinə görə, ən köklü səbəb şagirddə oxuyub-anlama, dinləyib-anlama və mütaliə bacarıqlarının formalaşdırılması üçün daxili motivasiyanın yetərincə yaradılmamasıdır.
"Uşaq oxumağı yalnız tapşırığı yerinə yetirmək və ya qiymət almaq üçün etdikdə, oxu prosesinə şüurlu şəkildə qoşulmur — mətn onun üçün mənalı bir ünsiyyət vasitəsi deyil, sadəcə "icra edilməli iş" olaraq qalır. Bu isə səthi, mexaniki oxuya gətirib çıxarır. Ona görə də şagirdə "nə üçün oxuyuram?", "oxuduğum mənə nə qazandırır?" suallarının cavabını hiss etdirmək lazımdır".
Oxu bacarığı necə qiymətləndirilməlidir?
Müəllim vurğulayıb ki, səlis səsləndirmə heç də anlamanın göstəricisi deyil — bu, sadəcə tələffüz bacarığıdır. Əsas məqsəd şagirdin oxuduğu informasiyanı dərk etməsi, əlaqələndirməsi, nəticə çıxarması və öz fikrini ifadə edə bilməsidir.
"Diaqnostika üçün mən sual sistemini şüurlu şəkildə qat-qat qururam — sadə faktoloji sual səviyyəsindən başlayıb tədricən yüksək idrak səviyyəsinə keçirəm (bu, əslində Blum taksonomiyasının sadələşdirilmiş tətbiqidir):
Faktoloji səviyyə: "Nə baş verdi? Kim, harada, nə vaxt?"
İnterpretasiya səviyyəsi: "Niyə belə oldu? Sən bunu necə düşünürsən?"
Tənqidi-yaradıcı səviyyə: "Hadisə başqa cür necə nəticələnə bilərdi? Müəllifin əsas fikri nədir? Sən onun yerində olsaydın necə hərəkət edərdin?"
Bundan əlavə, real anlama səviyyəsini üzə çıxaran konkret tapşırıq formaları da tətbiq edirəm: mətnə başlıq qoymaq, hadisələrin ardıcıllığını sxem və ya vaxt xəttində göstərmək, əsas və ikinci dərəcəli fikirləri ayırmaq, mətni öz sözləri ilə yenidən nəql etmək, mətn üzrə qısa nəticə (yekun mühakimə) formalaşdırmaq.
Şagirdin bu tapşırıqları müstəqil yerinə yetirə bilməsi mənə onun anlama dərinliyi haqqında səsləndirmədən qat-qat dəqiq məlumat verir".
Zəif oxuyan şagirdlərlə necə işləmək olar?
Ələkbərovanın sözlərinə görə, işin birinci addımı diaqnostikadır. Şagirdin probleminin dəqiq mənbəyini müəyyənləşdirmədən müdaxilə etmək vaxt itkisidir, çünki hər zəif oxuyan uşağın ehtiyacı eyni deyil.
Bir şagirddə texniki oxu (hərf-səs uyğunluğu), digərində səlislik (templə oxuma), başqa birində isə birbaşa oxuduğunu anlama problemi olur və hər biri fərqli müdaxilə tələb edir.
Diaqnozdan sonra fərdiləşdirilmiş iş planı qurulur. Buraya səviyyəyə uyğun, tədricən mürəkkəbləşən qısa mətnlər, səlisliyi artırmaq üçün təkrar oxu texnikası, açar sözlərlə iş və mətnə qədərki lüğət hazırlığı, söz ehtiyatının məqsədyönlü genişləndirilməsi, mətnin məntiqi hissələrə bölünərək addım-addım işlənməsi, vizual dəstək materialları (sxem, şəkil, qrafik təşkilatçılar), həmçinin sual-cavab və kiçik qrup müzakirələri daxildir.
Nəticənin ölçülməsinə gəlincə, müəllim yalnız oxu sürətinin əsas götürülməsini metodoloji cəhətdən doğru hesab etmir. Onun sözlərinə görə, sürət təkbaşına anlamanı göstərmir.
Müəllim düzgünlük, səlislik, söz ehtiyatı, oxuyub-anlama və fikrini əsaslandırma bacarığını kompleks şəkildə, formativ qiymətləndirmə prinsipləri əsasında izləyir. Hər şagird üçün ilkin göstərici qeydə alınır və adətən 4-6 həftəlik iş silsiləsindən sonra həmin göstəricilər yeni nəticələrlə müqayisə edilərək inkişaf dinamikası qiymətləndirilir.
Valideynin rolu necə olmalıdır?
Müəllim hesab edir ki, valideynin rolu çox vaxt lazımınca qiymətləndirilmir. Məktəb uşağa oxumağı öyrədə bilər, amma mütaliə vərdişinin həyat tərzinə çevrilməsində ailə mühiti həlledici rol oynayır.
Onun müşahidələrinə görə, evdə davamlı mütaliə mühiti olan şagirdlərin oxuyub-anlama nəticələri fərqlənir.
"Burada əsas məsələ uşağı "kitab oxumalısan" deyə məcbur etmək deyil. Bu yanaşma çox vaxt əks nəticə verir və oxumağın cəza kimi qavranılmasına səbəb olur. Əsl hədəf uşaqda kitaba və oxuya qarşı daxili maraq yaratmaqdır.
Bunun üçün valideynin özünün kitab oxuması, uşaqla oxuduqları haqqında səmimi söhbət etməsi, uşağın yaşına və marağına uyğun kitab seçməsinə imkan verməsi çox təsirli mexanizmlərdir".
15 illik təcrübəsində gördüyü başqa bir problemin valideyn-məktəb əməkdaşlığının formal xarakter daşıması olduğunu deyən Ələkbərova hesab edir ki, bu sahədə yanaşma dəyişməlidir.
"Valideynə sadəcə "evdə kitab oxutdurun" demək əvəzinə, konkret metodik istiqamət vermək lazımdır — necə oxutdurmaq, oxuduğunu necə müzakirə etmək, hansı sualları vermək və uşağın daxili motivasiyasını necə qorumaq barədə. Mən özüm valideyn iclaslarında buna xüsusi vaxt ayırıram və qısa, tətbiq oluna bilən tövsiyələr paylaşıram".
PISA nəticələrini yaxşılaşdırmaq üçün nə edilməlidir?
Metodist kimi qənaətinə görə, PISA nəticəsini yaxşılaşdırmaq üçün hazırlığa yuxarı siniflərdən başlamaq artıq gecdir. Bunun təməli ibtidai siniflərdə, hətta ilk təhsil illərindən qoyulmalıdır.
İbtidai sinifdən etibarən uşağa sadəcə mətni oxumaq yox, məlumatı tapmaq, müqayisə etmək, əlaqələndirmək, nəticə çıxarmaq, müəllifin fikrini müəyyənləşdirmək, öz fikrini əsaslandırmaq və əldə etdiyi informasiyanı yeni situasiyada tətbiq etmək öyrədilməlidir.
Müəllim bildirib ki, bu bacarıqlar bir dərsdə deyil, sistemli və uzunmüddətli işin nəticəsində formalaşır.
Bunun üçün oxuyub-anlama və dinləyib-anlama bacarıqları pillə-pillə, sistemli şəkildə inkişaf etdirilməli, müxtəlif tipli mətnlərlə — bədii, elmi-kütləvi, informativ, cədvəl və qrafik əsaslı mətnlərlə iş artırılmalıdır.
Eyni zamanda, şagirdin tənqidi düşünməsini tələb edən, birmənalı cavabı olmayan tapşırıqlara daha çox yer verilməsi, müəllim hazırlığında formativ qiymətləndirmə və differensiallaşdırılmış tədris metodlarının gücləndirilməsi vacibdir.
"Mənim üçün burada əsas prinsip budur: məqsəd uşağa sadəcə "yaxşı oxumağı" deyil, "oxuduğunu düşünməyi" öyrətməkdir".
Fəridə, Bizim.Media



































































































