Avropa Görüntü və Səs Assosiasiyası (EISA) 2026–2027-ci illər üzrə mükafatlandırdığı ən yaxşı smartfon və digər mobil cihazların adlarını açıqlayıb.
Bizim.Media xəbər verir ki, EISA-nın ekspertləri müxtəlif kateqoriyalar üzrə cihazları qiymətləndirib.
Əsas smartfon kateqoriyasında mükafata Xiaomi 17T Pro layiq görülüb.
Ekspertlər modelin güclü texniki göstəricilərini, ekran keyfiyyətini, kamera sistemini və batareyanın uzunmüddətli performansını xüsusi qeyd ediblər.
EISA müxtəlif ölkələrdən texnologiya və istehlak elektronikası üzrə ixtisaslaşmış nəşrləri birləşdirən assosiasiyadır. Ekspertlər il ərzində müxtəlif cihazları sınaqdan keçirir və qalibləri səsvermə yolu ilə müəyyənləşdirirlər.
Qatlana bilən smartfonlar kateqoriyasında HONOR Magic V6 ilin ən yaxşı cihazı seçilib. Ekspertlər onun batareyasını, su və tozdan qorunmasını, ekranlarını və yüksək performansını önə çəkiblər.
OPPO Find X9 Ultra isə foto və video imkanlarına görə mükafata layiq görülüb. EISA ekspertlərinin fikrincə, modelin innovativ kamera sistemi və güclü zum imkanları onu ayrıca fotokameralara alternativə çevirir.
Samsung Galaxy S26 Ultra süni intellekt imkanlarına görə EISA AI Smartphone 2026–2027 mükafatını qazanıb.
Ekspertlər smartfonun Now Brief, Now Nudge və Photo Assistant funksiyalarını xüsusi qiymətləndiriblər. Photo Assistant istifadəçiyə səsli və mətn əmrləri vasitəsilə şəkilləri redaktə etməyə imkan verir.
Cihazın məxfilik və təhlükəsizlik sistemlərində maşın öyrənməsi texnologiyalarından istifadə olunması da müsbət qiymətləndirilib.
Samsung-un digər mükafatı isə Galaxy Buds4 Pro qulaqlıqlarına verilib. EISA qulaqlıqların təkmilləşdirilmiş aktiv səsboğma sistemini və ətraf mühiti analiz edərək parametrləri avtomatik tənzimləyən süni intellekt funksiyalarını yüksək qiymətləndirib.
Qulaqlıqların diqqətçəkən xüsusiyyətlərindən biri də aktiv səsboğma rejimi işləyərkən siren səslərini istifadəçiyə çatdıran funksiyadır.
Ekspertlər həmçinin Galaxy Buds4 Pro-nun telefon danışıqları zamanı səs ötürülməsinin keyfiyyətini yüksək qiymətləndiriblər. (demokrat.az)
Bizim.Media


































































































