ABŞ Dövlət Departamenti İranın briqada generalı Əmir Yaryabın tutulmasına şərait yaradacaq hər hansı məlumat üçün mükafat elan edib.
Bizim.Media bu barədə "techora.ru" saytına istinadla xəbər verir.
ABŞ Dövlət Departamentinə bağlı "Ədalət üçün Mükafat" (Rewards for Justice) proqramı Əmir Yaryabın kimliyinin müəyyənləşdirilməsi və ya yerinin tapılmasına gətirib çıxaracaq məlumatlara görə 10 milyon dollara qədər mükafat ödəniləcəyini elan edib.
Proqramın məlumatına görə, Əmir Yaryab SEPAH-ın Kiber-Elektron Komandanlığında kiber əməliyyatlar bölməsinin məsul şəxsidir və "Şəhid Həmmət" və "Şəhid Şüştəri" adlı kiber qrupların təşkilatlanmasında və idarə olunmasında rol oynayır.
ABŞ rəsmiləri bildirirlər ki, bu qruplar Yaryabın rəhbərliyi altında Birləşmiş Ştatların mühüm infrastruktur obyektlərini dağıdıcı kiberhücumların hədəfinə çevirirlər.
Amerikalı diplomatlar iddia edirlər ki, general SEPAH ilə əlaqəli kiberqrupların, xüsusən də "Şəhid Həmmət" və "Şəhid Şüştəri" qruplaşmalarının fəaliyyətinə görə birbaşa məsuliyyət daşıyır. Dövlət Departamentinin bəyanatında bildirilir ki, bu qruplaşmalar məqsədli şəkildə Amerika Birləşmiş Ştatlarının kritik əhəmiyyətli infrastrukturuna hücumlar təşkil edirlər.
Bizim.Media






































































































