İstifadə olunmayan qatar biletini başqasına satmaq olar? – ADY-dən AÇIQLAMA

Hazırda oxunan: İstifadə olunmayan qatar biletini başqasına satmaq olar? – ADY-dən AÇIQLAMA

634647

Azərbaycan Dəmir Yolları (ADY) Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatar biletləri ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.

Bildirilib ki, bəzi şəxslər ADY-nin adından istifadə edərək saxta biletlər satmağa çalışırlar. Sərnişinlərə yalnız ADY-nin rəsmi səhifələrində satışa çıxarılan biletlərə etibar etmək tövsiyə olunub.

Bəs dələduzlar “istifadə olunmayacaq bileti satıram” adı ilə vətəndaşları aldada bilərlərmi? Şəxs aldığı, lakin istifadə etməyəcəyi bileti başqa birinə satmaq və ya bağışlamaq istədikdə, həmin biletin digər şəxsin adına keçirilməsi mümkündürmü?

ADY-dən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, Bakı–Tbilisi–Bakı marşrutu da daxil olmaqla, ADY-nin ölkədaxili və beynəlxalq marşrutlarında biletin fiziki şəxslər tərəfindən başqasına satılması və ya başqasının adına keçirilməsi qadağandır. Hər bir bilet konkret şəxsin adına rəsmiləşdirilir və yalnız həmin şəxs bu biletlə səfər edə bilər.

Məlumata görə, sərnişin biletdən istifadə etməyəcəksə, yeganə seçim onu müəyyən olunmuş qaydada geri qaytarmaqdır. Qaytarılan bilet avtomatik olaraq yenidən satışa çıxarılır və başqa sərnişinlər tərəfindən əldə edilə bilər.
 

Həmçinin, hər bir bilet sərnişinin fərdi şəxsiyyət məlumatları daxil edilməklə fərdiləşdirilir. Səyahət edən sərnişinin sənədləri ilə bilet üzərindəki məlumatların tam üst-üstə düşməsi təhlükəsizlik baxımından mütləq şərtdir.


Qeyd olunub ki, biletlərin yalnız rəsmi kanallar vasitəsilə satılması hər bir vətəndaşa bərabər şərtlərlə və əlavə haqq ödəmədən bilet əldə etmək imkanı yaradır. Qaytarılan biletin avtomatik olaraq yenidən satışa çıxarılması isə bütün əməliyyatların öz platformamız daxilində izlənilməsini və sistemin şəffaflığının qorunmasını təmin edir.

ADY vətəndaşlar diqqətli olmağı və biletləri yalnız qurumun rəsmi saytından, "ADY Mobile" tətbiqindən və ya dəmiryol kassalarından əldə etməyi tövsiyə edir.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin