ABŞ-İran savaşı nefti silkələdi – Qiymətlərdə yeni dəyişiklik

Hazırda oxunan: ABŞ-İran savaşı nefti silkələdi – Qiymətlərdə yeni dəyişiklik

634624

ABŞ və İran arasında hücumların yenidən başlaması fonunda dünya bazarında neft ucuzlaşıb.

Bizim.Media “Reuters” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 07:52-də “Brent” markalı neftin oktyabr fyuçersləri 56 sent və ya 0,6% ucuzlaşaraq bir barel üçün 95,07 dollara düşüb.

ABŞ-nin “West Texas Intermediate” (WTI) markalı neftinin qiyməti isə 50 sent və ya 0,6% azalaraq 90,51 dollar təşkil edib. Beləliklə, hər iki kontrakt son dörd sessiyada ilk dəfə ucuzlaşıb.

Xatırladaq ki, ötən ticarət sessiyasında “Brent” və WTI markalı neftin qiyməti kəskin dalğalanıb. Hər iki markanın qiyməti sessiya ərzində 2 dollara qədər bahalaşsa da, daha sonra 1 dollara qədər ucuzlaşıb. Hər iki “benchmark” üzrə gün ərzində qeydə alınan maksimum qiymət iyulun 24-dən bəri ən yüksək göstərici olub.

Neftin ucuzlaşmasına səbəb nədir?

“Reuters”in yazdığına görə, hazırda investorlar ABŞ və İran arasında gərginliyin yenidən alovlanmasının Yaxın Şərqdən neft tədarükünə təsir göstərə biləcəyi ilə bağlı qeyri-müəyyənliyi qiymətləndirirlər.

Qeyd edək ki, son günlər baş verən hücumlar ABŞ və İran arasında iyul ayından bəri baş verən ən genişmiqyaslı qarşılıqlı atəş mübadiləsi olub.

Digər tərəfdən, dünən cəmi 6 yük gəmisi Hörmüz boğazından keçib. Bu göstərici bir gün əvvəlki 11 gəmidən xeyli azdır və son 10 gün üzrə gündəlik təxminən 13 gəmi təşkil edən orta göstəricidən də aşağıdır. Eyni zamanda, İran Hörmüz boğazından keçməyə cəhd edəcəyi təqdirdə cərimə, müsadirə və ya saxlanılma ilə üzləşə biləcək və qaydalara əməl etmədiyi hesab olunan gəmilərin siyahısını genişləndirib.

Bununla yanaşı İraq avqust ayında neft ixracını əhəmiyyətli dərəcədə artırıb. İraqın iki rəsmisinin çərşənbə günü verdiyi məlumata görə, ölkənin neft ixracı iyulda gündəlik təxminən 1,35 milyon bareldən avqustda 2,34 milyon barelə yüksəlib.

Yaxın Şərqdəki proseslər fonunda sentyabr ayında da ixracın artacağı gözlənilir. Buna əsas səbəb neftin ciddi endirimlərlə satışa çıxarılması və İranın İraq tankerlərinə Hörmüz boğazından keçməyə icazə verməsi nəticəsində alıcıların marağının artmasıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin