Rusiyanın Moskva vilayətində Dağıstanın keçmiş baş nazir müavini Hacı Maxaçevin xanımı Anna Kameneva qətlə yetirilib.
Bizim.Media “musavat.com”a istinadla xəbər verir ki, hadisə Moskva vilayətinin Jukovka kəndində baş verib. Qadının meyiti yaşadığı evdə aşkar olunub. Qətldə şübhəli bilinən şəxsin Kamenevanın oğlunun dostu olduğu və saxlanıldığı bildirilir.
Hadisə yerində qan izləri, üzərində qəhvəyi ləkələr olan dəsmal, travmatik tapança və gilizlər aşkarlanıb. İstintaq orqanları baş verənlərin səbəb və şəraitini araşdırır.
Anna Kameneva Moskva Dövlət Universitetində iqtisadi və maliyyə araşdırmaları kafedrasında müəllim kimi çalışıb.
Onun həyat yoldaşı Hacı Maxaçev Dağıstan baş nazirinin müavini və iki çağırış Rusiya Dövlət Dumasının deputatı olub. Maxaçev 2013-cü il dekabrın 19-da Moskvada Kutuzov prospektində baş verən avtomobil qəzasında həlak olub.
Qətlin motivi və digər təfərrüatlar hələlik açıqlanmayıb.
“Musavat.com” qeyd edib ki, Hacı Maxaçevin keçmişi və Azərbaycanla bağlı fəaliyyəti barədə olduqca diqqətçəkən, Balakən-Zaqatala bölgəsindən Birinci Qarabağ müharibəsinə və Azərbaycanla bağlı digər hadisələrə qədər uzanan bu tarixçədə bir sıra qaranlıq detallar var.
Bizim.Media






































































































