"Azərbaycanda yeməkxanalar azalır, kofeşoplar artır”
Bizim.Media xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, bahalı kofe-şopda oturmaq insana özünü daha müasir, daha uğurlu, daha "elit” hiss etdirir:
"Bunun səbəbi kofeyə marağın artması yox, onun getdikcə içkidən çox sosial atributa çevrilməsidir. Bahalı kofe-şopda oturmaq, qarşısına noutbuk qoymaq, əlində brend stəkan saxlamaq insana özünü daha müasir, daha uğurlu, daha "elit” hiss etdirir. Böyük evə, bahalı avtomobilə və ya başqa status göstəricilərinə imkan çatmaya bilər.
Amma 7-8 manatlıq kofe ilə həmin hissin kiçik bir versiyasını almaq mümkündür. Əslində, bunun elmi ədəbiyyatda da izahı var. İstehlak psixologiyasında buna yaxın davranış "əlçatan lüks” və "simvolik istehlak” anlayışları ilə izah olunur. İnsan daha böyük status göstəricilərinə imkanı çatmadıqda, nisbətən ucuz və əlçatan məhsullar vasitəsilə özünə status və dəyər hissi yarada bilir. Yəni aldığı məhsulun özündən çox, onun ifadə etdiyi mənanı istehlak edir”.
O qeyd edib ki, belə olan halda sahibkar da ənənəvi kafelər və kababxanalar yox, kofe-şoplar açır:
"Bazar da bunu çox yaxşı tutur. Sahibkar görür ki, kabab yeyib, çay içən "alfa kişilər” azalır, kofe içib noutbuk açan, bəzək-düzəkli "beta və gamma kişilər” artır. Onda sahibkar da ənənəvi kafelər və kababxanalar yox, kofe-şoplar açır. Yəni, tələb dəyişdikcə şəhərin ictimai iaşə sektoru və ümumi siması da dəyişir. Əlqərəz, bizdə çox vaxt kofe içilmir. Kofeyə yüklənən məna "içilir”.
Bizim.Media






































































































