“Qarabağ”ın sabiq futbolçusu Yakub Jezniçak “Sabah”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinə tarixi vəsiqəsindən sonra Azərbaycan futbolu və Bakı klubunun polşalı oyunçusu Timoteuş Puxaç haqda danışıb.
Bizim.Media “qol.az”a istinadən xəbər verir ki, Jezniçak Polşanın “WP SportoweFakty” nəşrinə müsahibəsində Azərbaycanda oynadığı dövrü xatırladıb.
O, 2017-ci ildə “Qarabağ”la Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandıqları vaxt Bakıda yaşananları belə xatırlayıb:
“Biz vəsiqə qazandıqdan sonra bütün şəhər ayağa qalxmışdı. Kopenhagendən gecə qayıtdıq, küçələrdə avtomobillərin siqnalları, insanların qışqırıqları eşidilirdi. Küçədə bizi saxlayırdılar, çempionat oyunları barədə yox, yalnız avrokubok matçları ilə maraqlanırdılar. Çempionat oyunlarına bilet pulsuz olsa da, çox az adam gəlirdi. Avrokuboklarda isə 70 min tamaşaçı tutan Olimpiya stadionu tam dolurdu”.
“Qarabağ”la iki dəfə Azərbaycan çempionu olan və Çempionlar Liqası ilə Avropa Liqasında çıxış edən polşalı sabiq müdafiəçi Azərbaycan klublarının idarəçiliyini də yüksək qiymətləndirib:
“Orada hər şey sabit və qaydasındadır. Hər dövrədə komandanın yarısı dəyişdirilmir, transferlər düşünülmüş və qeyri-standart olur. Məsələn, Portuqaliya liqasından aşağı düşmüş komandadan və ya başqa, o qədər də məşhur olmayan yerlərdən futbolçular tapırlar. Onlar Azərbaycanda birdən-birə parlayırlar”.
Jezniçak Azərbaycanda futbolçular üzərində təzyiqin daha az olduğunu da söyləyib:
“Orada oynamaq fərqlidir, daha çox sakitlik var. Bir dəfə də olsun nifrətlə qarşılaşmadım. Bəlkə də buna görə yaxşı formaya düşmək daha asandır. Məğlubiyyətlərdən sonra böyük təzyiq olmur, sadəcə işləməyə davam edirlər. Media da o qədər aqressiv deyil. Açığı, məcbur olmasaydım, Polşaya, bizim bu "cəhənnəmimizə" qayıtmazdım”.
O, “Sabah”ın müdafiəçisi Timoteuş Puxaçın Azərbaycana transfer olunarkən tənqid edilməsini öz karyerasındakı hadisələrlə müqayisə edib:
“Legiya"dan Bakıya gedəndə haqqımda çox şey eşitdim. Timoteuşun da başına oxşar şey gəldi. İnsanlar ona gülürdülər: "Nə edir, hara gedir?" "GKS Katovitse" ilə müqavilə imzalamadığına görə də tənqid olundu. Düşünürəm ki, indi peşman deyil”.
Jezniçak Bakını isə “kiçik Dubay” adlandırıb:
“Timoteuşun orada hər şeyi var. İndi mənim vaxtımda tikilməkdə olan müasir yaşayış kompleksində qalır. Çox yaxşı restoranlar var, elələri var ki, Polşada yoxdur. Mən həmin yeri "kiçik Dubay" adlandırırdım. İndi hətta Varşavadan Bakıya birbaşa uçuşlar da var”.
O, “Sabah”ın son illərdə böyük inkişaf yolu keçdiyini vurğulayıb:
“‘Sabah" çox inkişaf edib. Mən oynadığım vaxtlarda onları böyük hesablarla məğlub edirdik. Amma elə o vaxt da yaxşı infrastruktura malik gözəl stadionları var idi. Bu, ümumiyyətlə, oradakı klublar üçün normaldır. Azərbaycan çoxdan Avropanın ucqarı olmaqdan çıxıb. Sadəcə biz hələ də özümüzü ən yaxşı hesab edirik”.
Sonda Jezniçak Puxaçın yenidən Polşa millisinə çağırılmağa layiq olduğunu deyib:
“Timoteuş oynayır, yaxşı formadadır və Çempionlar Liqasına vəsiqə qazanıb. Ən azı milliyə dəvət olunmağa və heyətdə yer uğrunda mübarizə aparmağa layiqdir. Göstərdiklərindən sonra yığmaya qayıtmalıdır”.
Bizim.Media


































































































