ABŞ Maliyyə Nazirliyinin sanksiyaların tətbiqinə cavabdeh olan bölməsi — OFAC (Office of Foreign Assets Control - Xarici Aktivlərə Nəzarət İdarəsi) 2024-cü ildən əvvəl Rusiya Federasiyasının hüdudlarından kənarda olan və daha sonra bura yenidən ixrac edilməyən Rusiya mənşəli almazların ABŞ-yə idxal icazəsini yenidən bir il müddətinə uzadıb.
Bizim.Media “İnterfax.ru”ya istinadla xəbər verir ki, bu barədə məlumat qurumun rəsmi saytında dərc olunub.
Bundan əvvəl Rusiya mənşəli, çəkisi 0,5 karat və daha çox olan zərgərlik keyfiyyətli almazların ölkəyə gətirilməsinə 1 sentyabr 2026-cı ilə qədər icazə verilmişdi.
ABŞ 1 mart 2024-cü il tarixindən etibarən çəkisi bir karat və daha çox, 1 sentyabr tarixindən isə 0,5 karat və daha çox olan Rusiya almazlarının idxalını qadağan edib. Bu qadağa üçüncü ölkələrdə cilalanmış Rusiya mənşəli almaz məhsullarına da şamil olunurdu.
2023-cü ilin dekabrında G7 ölkələrinə Rusiya mənşəli qeyri-sənaye almazlarının və brilyantların mərhələli şəkildə idxalına qadağa qoyulacağı elan edilmişdi.
Lakin 2022-ci ildə Rusiyanın əsas istehsalçısı olan "ALROSA" şirkətinin "SDN list"ə (sanksiya siyahısı) daxil edilməsinə baxmayaraq, Rusiya almaz xammalından kəsilən brilyantlar Hindistanın cilalama sənayesində ciddi emaldan keçərək ABŞ bazarına sərbəst şəkildə daxil ola bilirdi.
Bizim.Media

































































































