Alimlər dərin yaraların sağalmasını sürətləndirən "ağıllı" gel hazırladı

Hazırda oxunan: Alimlər dərin yaraların sağalmasını sürətləndirən "ağıllı" gel hazırladı

628104

Hindistan Texnologiya İnstitutunun Qandinaqar (IITGN) kampusunun tədqiqatçıları antibiotiklərdən istifadə etmədən mürəkkəb yaraların daha sürətli sağalmasına kömək edən yeni inyeksiya edilə bilən hidrogel hazırlayıblar.

Bizim.Media xəbər verir ki, tədqiqatın nəticələri ACS Applied Bio Materials elmi jurnalında dərc olunub.

Yeni texnologiyanın əsasını metal ionları ilə təbii bitki mənşəli birləşmələri birləşdirən xüsusi metallo-fenol şəbəkəsi təşkil edir. Alimlər serium və rutin əsasında ilk nanokompleksi hazırlayıblar.

Serium hüceyrələri zədələyən və toxumaların bərpasını ləngidən aktiv oksigen formalarının artığını neytrallaşdırmağa kömək edir. Flavonoidlər qrupuna aid təbii antioksidant olan rutin isə iltihabəleyhinə və antibakterial xüsusiyyətlərə malikdir. Bu iki komponent birlikdə toxuma zədələnməsini azaldır və regenerasiya prosesini dəstəkləyir.
 

Aparılan sınaqlar göstərib ki, hidrogel toxumalar və qanla yaxşı uyğunlaşır, yara nahiyəsinə yeridildikdən sonra isə aktiv maddələri tədricən buraxır. Bu, uzunmüddətli antioksidant və antimikrob təsir göstərərək yaraların müalicə aparılmayan hallarla müqayisədə daha sürətli bağlanmasına şərait yaradır.


Materialın digər üstünlüyü öz çəkisindən 10 dəfə çox maye udmaq qabiliyyətinə malik olmasıdır. Bu xüsusiyyət toxumaların bərpası üçün vacib olan optimal rütubətli mühiti qorumağa və eyni zamanda ağırlaşma riskini azaltmağa imkan verir.

Tədqiqatçılar hesab edirlər ki, yeni texnologiya gələcəkdə dərin və uzun müddət sağalmayan yaraların müalicəsində perspektivli üsullardan birinə çevrilə bilər. Bununla belə, insanlar üzərində tətbiq olunmazdan əvvəl əlavə tədqiqatların və klinik sınaqların aparılması zəruridir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin