Hərbi süni intellekt yeni silahlanma yarışına çevrilir: Milyardları kim qazanır?

Hazırda oxunan: Hərbi süni intellekt yeni silahlanma yarışına çevrilir: Milyardları kim qazanır?

628006

Süni intellekt (AI) müasir müharibələrin xarakterini sürətlə dəyişdirir. Ənənəvi hərbi-sənaye kompleksi tədricən hərbi-texnoloji kompleksə çevrilir. Əgər əvvəllər orduların əsasını tanklar, təyyarələr və artilleriya təşkil edirdisə, indi proqram təminatı, bulud texnologiyaları, avtonom pilotsuz sistemlər və qərar qəbuletməni dəstəkləyən platformalar ön plana çıxır.

Bizim.Media xəbər verir ki, bu barədə Al Jazeera məlumat yayıb.

Bildirilib ki, Böyük Britaniyanın Müdafiə Nazirliyi iyul ayında Raytheon UK-nin rəhbərlik etdiyi Omnia Training konsorsiumu ilə 15 il müddətinə 2 milyard funt sterlinq dəyərində müqavilə imzalayıb. Layihə çərçivəsində hər il süni intellekt texnologiyalarından istifadə etməklə təxminən 60 min hərbçinin hazırlanması nəzərdə tutulur.

Bununla yanaşı, NATO ABŞ şirkətləri Anduril və Palantir, həmçinin Fransanın Athea SAS şirkəti ilə hava əməliyyatlarının idarə olunması üçün yeni platformanın yaradılmasına dair müqavilələr bağlayıb. Anduril şirkətinin hazırladığı Lattice sistemi müxtəlif sensorlardan daxil olan məlumatları birləşdirərək real vaxt rejimində döyüş meydanının vahid mənzərəsini formalaşdırır.

SIPRI-nin qiymətləndirməsinə görə, hərbi süni intellekt bazarı hazırda dörd əsas kateqoriyaya bölünür.

Birinci kateqoriyaya Lockheed Martin, RTX, Northrop Grumman, BAE Systems və General Dynamics kimi ənənəvi müdafiə şirkətləri daxildir. Bu şirkətlər süni intellekti mövcud silah platformalarına inteqrasiya edirlər. Məsələn, Lockheed Martin F-35 qırıcıları üçün pilotlara düşmən təyyarələrini daha sürətli aşkar etməyə kömək edən AI sistemi sınaqdan keçirir. L3Harris isə süni intellekti hədəf aşkarlama və optik müşahidə sistemlərinə tətbiq edir.
 

İkinci kateqoriyanı yeni nəsil hərbi İT şirkətləri təşkil edir. Palantir ABŞ Pentaqonunun əsas süni intellekt layihələrindən biri olan Project Maven proqramında iştirak edir. Sistem peyk görüntülərini, pilotsuz uçuş aparatlarından əldə edilən videoları və kəşfiyyat məlumatlarını analiz edərək potensial hədəfləri avtomatik müəyyənləşdirir. Al Jazeera-nın məlumatına görə, İsrail–İran qarşıdurmasının ilk 24 saatı ərzində Maven təxminən 1000 hədəf aşkarlayıb.


Üçüncü qrupa Google, Microsoft, Amazon Web Services, Oracle, NVIDIA, SpaceX və OpenAI kimi iri texnologiya şirkətləri daxildir. ABŞ Müdafiə Nazirliyi may ayında bu şirkətlərlə süni intellektin ən mühafizə olunan hərbi şəbəkələrə inteqrasiyası üçün müqavilələr bağlayıb. Məqsəd ABŞ Silahlı Qüvvələrini qərar qəbuletmə və məlumatların idarə edilməsində AI əsaslı orduya çevirməkdir.

Dördüncü kateqoriyanı isə OpenAI, Anthropic və Avropanın Mistral AI şirkətləri təşkil edir.

Onların hazırladığı böyük dil modelləri müxtəlif hərbi tətbiqlərin əsasını təşkil edir. Qeyd olunur ki, OpenAI 2024-cü ildə texnologiyalarının hərbi məqsədlərlə istifadəsinə qoyduğu məhdudiyyəti ləğv edib, Anthropic isə Palantir ilə ABŞ ordusu üçün layihələrdə əməkdaşlığa başlayıb.

Çin də hərbi süni intellekt sahəsinə böyük sərmayə yatırır. Pentaqonun hesablamalarına görə, Pekin bu istiqamətə ildə 1,5–2 milyard dollar vəsait ayırır ki, bu da ABŞ-ın xərcləri ilə müqayisə oluna bilər. Reuters-in məlumatına əsasən, Çin ordusu artıq Meta şirkətinin Llama modeli əsasında yaradılmış ChatBIT sistemindən istifadə edir.

Bundan başqa, Pentaqon Alibaba, Baidu, BYD, NIO, RoboSense və Unitree şirkətlərini Çin Silahlı Qüvvələrinə dəstək verdiyi iddia olunan qurumlar siyahısına daxil edib.

Mütəxəssislər hesab edirlər ki, gələcəyin müharibələrində üstünlüyü artıq təkcə tank və ya təyyarələrin sayı deyil, süni intellekt alqoritmləri, bulud texnologiyaları və kəşfiyyat məlumatlarının operativ emalı müəyyən edəcək. Bu isə texnologiya şirkətlərini ənənəvi silah istehsalçıları qədər strateji əhəmiyyətli oyunçulara çevirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin