Böyük Britaniyanın Baş naziri Endi Börnəm Aksel adlı ev itinin Dauninq-stritdəki rəsmi iqamətgaha gətirilməyəcəyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, baş nazir bu barədə BBC-yə müsahibəsində danışıb.
Onun sözlərinə görə, bişon-frize və pudel cinslərinin qarışığı olan Aksel Dauninq-stritin məşhur Larri pişiyi ilə ilə yola getmir.
"Düşünürəm ki, o, İngiltərənin şimalında qalmalı olacaq. Xarakteri çox davakar və tərsdir. Larri ilə heç cür yola gedə bilməz. Akseli gətirib Larrinin rahatlığını pozsam, yəqin ki, xalq mənə təşəkkür etməz. Ona görə də ən yaxşısı evdə qalsın. Bax, ən vacib qərarlardan biri də budur və artıq verilib", – deyə Börnəm bildirib.
Baş nazirin açıqlamasından sonra "Larri pişik" adlı rəsmi sosial media hesabında qəfəs arxasından polis itinə caynaqlarını göstərən foto paylaşılıb. Şəkil "Aramızda barmaqlıq olduğuna görə itin bəxti gətirdi..." sözləri ilə müşayiət olunub.
Qeyd edək ki, Larri Dauninq-stritdə 15 ildir xidmət edir və bu müddətdə altı Böyük Britaniya baş nazirinin fəaliyyətinə "şahidlik" edib.
Onun rəsmi vəzifələri arasında təhlükəsizlik sistemlərini yoxlamaq, qədim mebellərin yatmaq üçün rahatlığını "sınaqdan keçirmək" və iqamətgahdakı siçan probleminə nəzarət etmək də yer alır.
Aksel isə təxminən 10 il əvvəl Börnəm ailəsi tərəfindən heyvan sığınacağından götürülüb və indiyədək ictimaiyyət qarşısında çox nadir hallarda görünüb.


Bizim.Media





































































































