Çində qeyri-qanuni piton yetişdirən şəxs evindəki yüksək elektrik enerjisi sərfiyyatına görə ifşa olunub. Polis əməliyyatı zamanı ümumilikdə 436 piton aşkar edilib.
Bizim.Media xəbər verir ki, hadisə Çinin Çjetszyan əyalətinin Tayçjou şəhərində qeydə alınıb.
Məlumata görə, sakinlərdən biri ərazidə təbii şəraitdə rast gəlinməyən iri pitonu görərək bu barədə hüquq-mühafizə orqanlarına məlumat verib. Araşdırma zamanı mütəxəssislər pitonların ilboyu isti və rütubətli mühitdə saxlanılmasının yüksək elektrik enerjisi sərfiyyatı tələb etdiyini bildiriblər. Bundan sonra polis ətrafdakı evlərin elektrik istehlakını yoxlamağa başlayıb.
Yüksək enerji sərf edən mənzilə keçirilən baxış zamanı iki yataq otağı və qonaq otağının tamamilə sürünənlərin yetişdirilməsi üçün istifadə olunduğu müəyyən edilib. Mənzildən plastik qutularda saxlanılan 309 piton götürülərək zooparka təhvil verilib.
İstintaq zamanı ev sahibinin sosial şəbəkələrdə pitonların satışı ilə bağlı paylaşımlar etdiyi, həmçinin qanunsuz ticarətlə məşğul olduğu üzə çıxıb. Araşdırma nəticəsində digər şübhəlilər də müəyyən edilib və müsadirə olunan pitonların sayı 436-ya çatıb.
Çin Mərkəzi Televiziyasının (CCTV) məlumatına əsasən, pitonların ümumi dəyəri 30 milyon yuan (təxminən 4,2 milyon ABŞ dolları) qiymətləndirilib. Məhkəmə qeyri-qanuni yetişdirmə və ticarətdə iştirak edən üç nəfəri həbs cəzasına məhkum edib.
Çin qanunvericiliyinə əsasən, pitonlar qorunan növlər sırasına daxildir və onların icazəsiz yetişdirilməsi və satışı cinayət hesab olunur.
Bizim.Media






































































































