“Əsrin boşanması”: Milyarder keçmiş həyat yoldaşına 640 milyon dollar ödəyəcək

Hazırda oxunan: “Əsrin boşanması”: Milyarder keçmiş həyat yoldaşına 640 milyon dollar ödəyəcək

627585

Cənubi Koreyada 10 il davam edən məhkəmə prosesi nəticəsində “əsrin boşanması” adlandırılan iş üzrə rekord məbləğdə maliyyə qərarı çıxarılıb.

Bizim.Media xəbər verir ki, Seul Ali Məhkəməsi süni intellekt çipləri istehsalçısı SK Hynix şirkətinin direktorlar şurasının sədri Çe Te Vonun keçmiş həyat yoldaşı No So Yona 944 milyard von (təxminən 644 milyon dollar) ödəməsinə qərar verib.

Bu məbləğ Cənubi Koreya məhkəmə tarixində boşanma üzrə ən böyük maliyyə ödənişi hesab olunur. No So Yon Cənubi Koreyanın keçmiş prezidenti No Te Unun qızıdır və Çe Te Vonla 34 il evli olub.

Süni intellekt bumunun təsiri

Məhkəmənin hazırkı qərarı 2022-ci ildə aşağı instansiyanın çıxardığı qərardan ciddi şəkildə fərqlənir. Həmin vaxt No So Yona 66,5 milyard von ödənilməsi müəyyən edilmişdi.
 

Ödəniş məbləğinin kəskin artmasının əsas səbəbi texnologiya sektorundakı səhmlərin sürətli bahalaşması olub. Çe Te Vonun 2017-ci ildə rəsmi şəkildə boşanma ərizəsi verməsindən sonra süni intellekt sahəsindəki qlobal yüksəliş fonunda SK Hynix-in bazar dəyəri təxminən 2500 faiz artıb.


Məhkəmənin müəyyən etdiyi məbləğ Çe Te Vonun ümumi sərvətinin təxminən 12 faizini təşkil edir. “Bloomberg” onun sərvətini 5,6 milyard dollar qiymətləndirir.

Texnologiya nəhəngi və keçmiş prezidentin qızı

Məhkəmə prosesi illər ərzində Cənubi Koreya ictimaiyyətinin diqqətində olub. Buna səbəb tərəflərin statusu idi:

SK Hynix-in daxil olduğu SK Group ölkənin ikinci ən böyük çebol (iri biznes konqlomeratı) hesab olunur;

No So Yon Cənubi Koreyanın ilk demokratik seçilmiş prezidentinin qızıdır;

Çe Te Vonun rəhbərliyi dövründə SK Hynix süni intellekt prosessorları üçün yüksək ötürmə qabiliyyətli yaddaş (HBM) istehsalında əsas təchizatçılardan birinə çevrilib.

34 illik nikahın məhkəmə mübarizəsinə çevrilməsi

Boşanma prosesi 2015-ci ildə Çe Te Vonun qəzetdə üç səhifəlik məktub yayımlaması ilə başlayıb. O, məktubda nikahdankənar münasibətinin və başqa övladının olduğunu etiraf edib.

Əmlak bölgüsü ilə bağlı razılıq əldə etmək cəhdləri uğursuz olub və uzunmüddətli məhkəmə çəkişməsi başlayıb.

İş daha sonra Ali Məhkəməyə qədər gedib. Əvvəllər Seul Ali Məhkəməsi No So Yona 1,4 trilyon von ödəmə qərarı vermişdi. Bu qərarda keçmiş prezident No Te Unun gizli fondunun (“qara kassanın”) SK Group-un inkişafına təsir etdiyi iddiası da nəzərə alınmışdı.

Lakin Ali Məhkəmə sonradan bildirib ki, keçmiş prezidentin qanunsuz vəsaitləri onun qızının ailə kapitalına şəxsi töhfəsi hesab edilə bilməz və işi yenidən baxılması üçün geri qaytarıb.

Milyarder şirkət üzərində nəzarəti saxlayacaq

Məhkəmə No So Yona Çe Te Vonun SK Inc. holdinqindəki səhmlərinin üçdə birinin dəyərinə uyğun məbləğ müəyyən edib. Lakin ödənişin pul şəklində həyata keçirilməsinə icazə verilib.

Bu isə biznesmenin səhmlər paketini qoruyub saxlamasına imkan verir. Ekspertlər hesab edirlər ki, qərar onun konqlomerata rəhbərliyinə ciddi təsir göstərməyəcək.

Çe Te Vonun kompensasiyanı ödəmək üçün qeyri-əsas aktivlərdəki paylarının bir hissəsini satacağı və ya səhmləri girov qoyaraq kredit götürə biləcəyi ehtimal olunur.

Onun vəkilləri qərarın tam mətnini araşdırdıqdan sonra apellyasiya ilə bağlı qərar verəcəklərini bildiriblər. No So Yonun nümayəndələri isə açıqlama verməkdən imtina ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin