Siyasi analitikdən XƏBƏRDARLIQ: Dünya "sonsuz müharibələr" dövrünə daxil olur - FOTO

Hazırda oxunan: Siyasi analitikdən XƏBƏRDARLIQ: Dünya "sonsuz müharibələr" dövrünə daxil olur - FOTO

627375

Türkiyəli siyasi analitik Nalan Yazgan hesab edir ki, beynəlxalq sistem Soyuq müharibədən sonrakı dövrdən nəticəsi qeyri-müəyyən və getdikcə genişlənən müharibələr mərhələsinə keçir.
 
Bizim.Media xəbər verir ki, Nalan Yazgan bu barədə "Cumhuriyet" qəzetində dərc olunan "Vaşinqtonun strateji çöküşü dünyanı yeni bir xaosa sürükləyirmi?" adlı məqaləsində yazıb.
 

Siyasi analitik bildirib ki, Vaşinqtonun imzaladığı razılaşmaların praktikada icra olunmaması Yaxın Şərqdən Ukraynaya qədər uzanan böhranları bir-biri ilə əlaqələndirən yeni mərhələnin formalaşdığını göstərir. Onun sözlərinə görə, bu vəziyyət təkcə regional qeyri-sabitliyi deyil, həm də ABŞ diplomatiyasının etibarlılığını və mövcud beynəlxalq nizamın davamlılığını sual altına alır.


 O qeyd edib ki, hazırda əsas problem yeni müharibələrin başlaması deyil, mövcud münaqişələrin başa çatdırıla bilməməsidir. O, İran-İsrail qarşıdurması, Livandakı gərginlik, Qəzza, Suriya və Ukraynadakı hadisələrin ayrı-ayrı böhranlar deyil, eyni strateji prosesin müxtəlif cəbhələri olduğunu vurğulayıb.
 
Analitik əlavə edib ki, son dövrlərdə əldə olunan razılaşmaların əksəriyyəti praktikada işlək olmayıb. Onun fikrincə, İsrail-Livan razılaşmasının tam tətbiq edilməməsi və İranla ABŞ arasında əldə olunan razılaşmanın tərəflərin fərqli şərhləri səbəbindən nəticəsiz qalması bunun bariz nümunəsidir.
 

N.Yazgan vurğulayıb ki, sonsuz müharibələr əvvəlcədən hazırlanmış uzunmüddətli strategiyanın nəticəsi deyil, aydın siyasi məqsədlərin olmamasından qaynaqlanır. O bildirib ki, siyasi hədəflər dəqiq müəyyən edilmədikdə müharibələrin uğur meyarı da aradan qalxır, məqsədlər davamlı dəyişir və hərbi əməliyyatlar özünü qidalandıran prosesə çevrilir.


Siyasi analitik Əfqanıstan nümunəsini xatırladaraq qeyd edib ki, "Əl-Qaidə"yə qarşı başlayan əməliyyat sonradan dövlət quruculuğu, demokratiya və qadın hüquqları kimi dəyişən məqsədlərlə davam etdirilib. Lakin iyirmi ildən sonra Taliban yenidən hakimiyyətə qayıdıb. Onun sözlərinə görə, bu gün oxşar dinamika həm Ukraynada, həm də İran ətrafında təkrarlanır.

O hesab edir ki, müasir müharibələrdə hərbi texnologiya təkbaşına qələbə qazandırmır. O bildirib ki, müharibələrin taleyi daha çox hansı tərəfin müdafiə sənayesini, istehsal zəncirini və sursat ehtiyatını uzun müddət qoruyub saxlaya bilməsindən asılıdır.
 

Analitik qeyd edib ki, Vaşinqton artıq uzunmüddətli xarici siyasət strategiyası formalaşdıran klassik institusional mexanizmini böyük ölçüdə itirib. Onun fikrincə, qərarlar daha çox ani siyasi reaksiyalar əsasında qəbul olunur ki, bu da həm müttəfiqlərin ABŞ-a inamını zəiflədir, həm də rəqib ölkələrdə Vaşinqtonun razılaşmalara sadiq qalmayacağı qənaətini gücləndirir.


Məqalənin sonunda Nalan Yazgan xəbərdarlıq edib ki, mövcud yanaşma davam edərsə, münaqişələrin sona çatması deyil, əksinə, bir-birini qidalandıran və getdikcə genişlənən "sonsuz müharibələr" dövrü beynəlxalq sistemin yeni normasına çevrilə bilər.

"Yeni dövrdə əsas sual artıq "Kim qalib gələcək?" deyil, "Bu müharibələri dayandıra biləcək siyasi iradə və diplomatik potensial hələ də mövcuddurmu?" olacaq", - deyə o qeyd edib. (Modern.az)



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin