Almaniyada hərbi xidmətdən imtina edənlərin sayı getdikcə artır.
Bizim.Media xəbər verir ki, bu barədə "Redaktionsnetzwerk Deutschland" (RND) media qrupu Federal Ailə və Vətəndaş Cəmiyyəti İşləri üzrə İdarənin (BAFzA) nümayəndəsinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, bu ilin ilk yarısında (30 iyun tarixinə olan məlumata görə) idarəyə xidmətdən imtina ilə bağlı 5 862 analoji ərizə daxil olub. Müqayisə üçün qeyd edək ki, bütün 2025-ci il ərzində bu rəqəm 3 867, 2024-cü ildə isə 2 998 təşkil etmişdi.
RND-nin məlumatına görə, icbari hərbi xidmətin dayandırıldığı 2011-ci ildə 4 348 imtina faktı qeydə alınmışdı.
Bu artımın səbəbləri kimi təhlükəsizlik sahəsindəki gərgin vəziyyət və yanvarın 1-dən qüvvəyə minmiş Bundesverə (Almaniya Silahlı Qüvvələrinə) çağırış islahatı haqqında qanun göstərilir.
1 iyul 2027-ci ildən etibarən bütün 18 yaşlı gənclər, hətta orduda könüllü xidmət etmək niyyətində olmasalar belə, hərbi xidmətə yararlılıq dərəcəsinin müəyyən edilməsi üçün icbari tibbi müayinəyə çağırılacaqlar.
Bununla yanaşı, 2011-ci ildə dayandırılmış icbari hərbi xidmət ölkə parlamentinin qərarı ilə yenidən qismən bərpa edilə bilər. Lazımi sayda könüllü toplamaq mümkün olmayacağı təqdirdə, "ehtiyacdan irəli gələn hərbi mükəlləfiyyət" mexanizminin işə salınması planlaşdırılır.
Qeyd olunub ki, 2035-ci ilə qədər fəal hərbi qulluqçuların sayının 186 000-dən 260 000-ə çatdırılması hədəflənir.
Bizim.Media




































































































