Ukrayna Rusiyanın hərbi infrastrukturuna hücum edir, Rusiya isə Ukraynada mülki infrastruktura qarşı müharibə aparır. Ukrayna gündəlik olaraq Rusiyaya təxminən 500 zərbə endirir. Hədəflər neft emalı zavodları və "kölgə donanması"nın tankerləridir. Məqsəd Rusiyanın "Ukrayna dövlətçiliyinə qəsd etməyin nə olduğunu öz üzərində hiss etməsi"dir.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
"Bizim üçün zərbələrin nəticəsi çox qiymətlidir. Əsas məqsədimiz benzinsiz Rusiya deyil, Rusiyasız Ukraynadır. Müharibəsiz, Avropa ilə birlikdə olan, həm Ukrayna, həm də Avropanın Moskvanın təhdidindən uzaq olduğu bir Ukrayna", – deyə Zelenski vurğulayıb.
Prezident eyni zamanda Ukraynanın hava hücumundan müdafiə imkanlarına və robotlaşdırılmış sistemlərə də toxunub:
"Robotlaşdırılmış komplekslərimiz cəbhədə son dərəcə vacib missiyalar yerinə yetirir. Onların sayı artıq on minlərlədir. Ukrayna ilk dəfə döyüş meydanını köklü şəkildə dəyişdi. Bu, döyüşçülərin həyatının qorunması deməkdir. Eyni şey bizim raket sistemlərimizə də aiddir. Bir fakt var: Ukrayna sistemləri "Shahed"lərin ən azı 90%-ni vurur. Amma "sətiraltı" çox əhəmiyyətli bir məqam da var: bu, həyatda qalmağa davam edən insanlarımızdır".
Bundan əlavə, Vladimir Zelenski jurnalistlərə bildirib ki, hələ müdafiə naziri vəzifəsini müvəqqəti icra edən Mixaylo Fedorovun yeni hökumətdə bu vəzifəyə yenidən təyin olunub-olunmayacağı ilə bağlı qərar verməyib.
Hazırda yeni hökumət üçün kadr seçimi davam edir. Zelenski əlavə edib ki, iyulun 15-i axşam saatlarında keçiriləcək "Xalqın xidmətçisi" fraksiyası ilə görüşdən əvvəl Müdafiə Nazirliyi ilə danışıqlar aparılacaq.
Bizim.Media































































































