ABŞ-da milyarderlər genişmiqyaslı qapalı iqamətgahlar yaratmaq üçün qonşu torpaq sahələrini almağa başlayıblar.
Bizim.Media xəbər verir ki, bu barədə iyulun 13-də "The Wall Street Journal" (WSJ) qəzeti "Coldwell Banker" şirkətinin hesabatına istinadən məlumat yayıb.
Bu yeni fenomen "lendmaksinq" (landmaxxing) adlandırılıb – əlavə sahələr almaqla torpaq mülkiyyətini maksimum dərəcədə genişləndirmək istəyi. Hesabata görə, 2026-cı ilin ilk beş ayında ABŞ-da elit daşınmaz əmlakın alınması ilə bağlı sorğuların sayı ötən illə müqayisədə iki dəfə artıb.
Tikinti üçün nəzərdə tutulmuş sahələrə olan tələbat illik ifadədə 97%, şəxsi ada və malikanələrə olan maraq isə iki dəfədən çox artıb.
"Coldwell Banker Realty" agenti Denni Herzberqin sözlərinə görə, varlı alıcılar tez-tez işçi heyətinin yerləşdirilməsi, bağ salınması və ya körpülərin tikilməsi üçün qonşu torpaqları alırlar. Bundan əlavə, bu, müştərilərə "qonşulardan tamamilə təcrid olunmağa" kömək edir. İfrat varlı amerikalılar bu cür sərmayələri kapitalın qorunması üsulu kimi də görürlər.
"İndi bu (məhəllələrin alınması) 4 min kvadratmetrlik bir evdən daha çox tələb olunur. Bəziləri üçün bu, məxfilik və təhlükəsizlik məsələsidir. Digərləri üçün isə inflyasiyadan qorunmaqdır", – deyə Herzberq bildirib.
Qəzet buna nümunə olaraq, ötən il idman zalı, spa kompleksi və padel-tennis meydançası tikmək üçün su kənarında demək olar ki, 49 milyon dollara üç sahə alan "Green For Life" ekoloji şirkətinin qurucusu Patrik Dovidjini göstərir.
WSJ "lendmaksinq"in məşhur tərəfdarları sırasında "Amazon"-un sahibi Ceff Bezosu, "Oracle"-ın qurucusu Larri Ellisonu və "Citadel LLC" investisiya fondunun rəhbəri Kennet Qriffini qeyd edir. Sahibkarlar təcrid olunmuş şəxsi ərazilər yaratmaq üçün qonşu daşınmaz əmlak obyektlərini aktiv şəkildə alırlar.
Bizim.Media
































































































