Qadınlar taxta çıxa bilməz, yalnız 3 kişi varis var - Ən qədim imperiyada böhran – Fotolar

Hazırda oxunan: Qadınlar taxta çıxa bilməz, yalnız 3 kişi varis var - Ən qədim imperiyada böhran – Fotolar

625368

Yaponiyanın dünyanın ən qədim davamlı monarxiyası olan imperator ailəsi tarixinin ən ciddi varislik böhranlarından biri ilə qarşılaşıb. Ölkədə yalnız kişilərin taxta çıxa bilməsinə icazə verən qaydalar səbəbindən gələcək varis məsələsi getdikcə daha böyük problemə çevrilir.

Bizim.Media xəbər verir ki, hazırda Yaponiya imperator taxtına namizəd ola biləcək cəmi üç kişi varis var.

Onlardan ikisinin 60 yaşdan yuxarı olması isə narahatlığı artırır. Mövcud qanunlara əsasən, imperator ailəsində qadınlar taxta çıxa bilmir. İmperator Naruhitonun yeganə övladı olan Şahzadə Aiko xalq arasında böyük populyarlığa sahib olsa da, qadın olduğu üçün varislik hüququ yoxdur.

Taxt sırasındakı əsas namizədlər arasında İmperator Naruhitonun əmisi 90 yaşlı Şahzadə Hitaçi, imperatorun qardaşı 60 yaşlı Şahzadə Akişino və onun 19 yaşlı oğlu Şahzadə Hisahito yer alır. Hisahito son 40 ildə yetkin yaşa çatan ilk kişi imperator ailəsi üzvü kimi xüsusi diqqət çəkir.

Varis problemini həll etmək üçün Yaponiya hökuməti 1947-ci ildə imperator ailəsindən çıxarılan keçmiş sülalə qollarının yenidən sistemə daxil edilməsini müzakirə edir.
 

Hazırlanan plana əsasən, həmin ailələrdən 15 yaşdan yuxarı, subay və övladı olmayan kişi üzvlərinin yenidən imperator ailəsinə qəbul edilməsi nəzərdə tutulur. Bu şəxslərin gələcək övladları da taxt-tac hüququ qazana biləcək.


Bununla yanaşı, evləndikdən sonra imperator ailəsindən ayrılan qadın şahzadələrin rəsmi vəzifələrini davam etdirməsinə icazə verilməsi də gündəmdədir. Lakin onların uşaqları yenə də taxt-tac hüququna malik olmayacaq.

Yaponiyada qadınların taxta çıxması tarixən mümkün olub. Ölkə tarixində səkkiz qadın imperator hakimiyyətə gəlib. Son qadın imperator Qosakuramaçi 1762-1770-ci illərdə taxtda olub.

Yalnız kişilərin varis olması qaydası isə 1889-cu ildə tətbiq edilib və 1947-ci ildə qanunla möhkəmləndirilib.
 

2005-ci ildə qadın imperator məsələsi ciddi şəkildə müzakirəyə çıxarılsa da, Şahzadə Hisahitonun 2006-cı ildə doğulması ilə bu plan dayandırılıb. Bununla belə, sorğular Yaponiyada cəmiyyətin böyük hissəsinin qadınların da taxta çıxmasına müsbət yanaşdığını göstərir.


İkinci Dünya müharibəsindən sonra qəbul edilən qaydalar imperator ailəsinin sayının kəskin azalmasına səbəb olub. Bir vaxtlar 67 nəfərdən ibarət olan ailədə hazırda cəmi 16 üzv qalıb.

Bildirilir ki, yalnız kişi varislərə əsaslanan mövcud sistem uzunmüddətli perspektivdə davamlı deyil və Yaponiya monarxiyasının gələcəyi üçün əsas sual hələ də açıq qalır. (qafqazinfo.az)









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin