Avstraliyanın Baş naziri Entoni Albaniz qatıldığı podkast verilişində müğənni Kayli Minoq haqqında səsləndirdiyi ifadələrə görə rəsmi şəkildə üzr istəyib.
Bizim.Media xəbər verir ki, hadisə ötən cümə axşamı komediyaçı Nikki Osbornun aparıcısı olduğu "Bush Deep" podkastında baş verib.
Aparıcı Baş nazirə "Evlənmək, bir gecəlik münasibət və görüşmək" oyununda Kayli Minoq, Nikol Kidman və Ronda Berçmor arasında seçim etməyi təklif edib.
Evli olduğunu bildirərək cavab verməkdən yayınmağa çalışan Albaniz, aparıcının təkidindən sonra Kayli Minoqu seçib və onun "möhtəşəm" olduğunu qeyd edərək, hər üç seçim üçün də onun adını çəkib.
Eyni zamanda, Baş nazir həyat yoldaşı ilə münasibətləri və sevdiyi reqbi komandasının qələbəsinin münasibətlərinə təsiri barədə sualları cavablandırıb.
Baş nazirin bu açıqlamaları dərhal kəskin tənqidlərlə qarşılanıb. Müxalifətdə olan Liberal Partiyasının nümayəndəsi, senator Sara Henderson şərhləri "qadınlara qarşı hörmətsiz", "avstraliyalılar üçün biabırçı" və "Baş nazir institutunu alçaldan" kimi qiymətləndirib.
Yaranan gərginlikdən sonra, bazar ertəsi günü Entoni Albaniz mətbuat xidməti vasitəsilə bəyanat yayaraq, sözügedən şərhlərinə görə qeyd-şərtsiz üzr istədiyini bildirib.
Bizim.Media




































































































