ABŞ-ın Avropa və Afrikadakı quru qoşunlarının komandanı, son illərdə Ukraynaya hərbi dəstəyin göstərilməsində mühüm rol oynamış general Kristofer Donahyu istefaya göndərilir.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı "Financial Times" (FT) nəşri mənbələrinə istinadən yayıb.
Generalın yaxın vaxtlarda rəsmən istefa ərizəsi verəcəyi və bu ilin iyul ayında xidmətini tamamilə başa vuracağı gözlənilir.
Əfqanıstanı tərk edən sonuncu amerikalı hərbçi
Kristofer Donahyu ABŞ ordusunun ən nüfuzlu və təcrübəli generallarından biri hesab olunur. O, İraq və Suriyadakı hərbi əməliyyatlarda iştirak edib, həmçinin 2021-ci ildə ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması zamanı bu ölkəni tərk edən ən sonuncu amerikalı hərbçi kimi tarixə düşüb.
Donahyudan sonra komandanlıq vəzifəsini müvəqqəti olaraq onun müavini, general-mayor Kristofer Norri icra edəcək.
Pit Heqsetin irimiqyaslı kadr təmizliyi
Generalın vəzifədən uzaqlaşdırılmasının rəsmi səbəbi açıqlanmasa da, FT və digər aparıcı media qurumları bu qərarı Pentaqon rəhbəri Pit Heqsetin həyata keçirdiyi genişmiqyaslı kadr təmizliyi ilə əlaqələndirirlər.
Bildirilir ki, Donahyu ilə müdafiə naziri arasında müəyyən fikir ayrılıqları və qarşıdurmalar yaşanıb. Həmçinin bu addım ABŞ-ın Avropadakı komandanlıq statusunun dörd ulduzdan üç ulduza endirilməsi və Avropa müttəfiqlərinə müdafiə məsuliyyətini artırmaq təzyiqləri fonunda baş verir.
Heqset son il yarım ərzində orduda onlarla yüksəkrütbəli hərbçini ya işdən çıxarıb, ya da onların karyera yüksəlişini bloklayıb.
Qeyd olunan "təmizlik" dalğasına tuş gələnlər arasında:
Qərargah Rəisləri Birgə Komitəsinin keçmiş rəhbəri Çarlz Braun,
Hərbi Dəniz Əməliyyatları rəisi Liza Franketti,
ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) rəhbəri Timoti Hou da var.
Bundan əlavə, bir müddət əvvəl Quru Qoşunlarının qərargah rəisi Rendi Corc da vəzifəsindən kənarlaşdırılmışdı. Ekspertlərin fikrincə, Pentaqon rəhbərinin bu kəskin addımları ABŞ ordusunun ali komandanlıq heyəti arasında ciddi narahatlıq və qorxu mühiti yaradıb.
Bizim.Media



































































































