Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı Sevastopoldakı “1854–1855-ci illərdə Sevastopolun müdafiəsi” panoram muzeyinin binasına zərbə endirib.
Bizim.Media xəbər verir ki, bu barədə Sevastopolun meri Mixail Razvojayev özünün Telegram kanalında məlumat verib. Onun sözlərinə görə, PUA-nın hücumu nəticəsində binanın dam hissəsində yanğın baş verib.
“PUA “1854–1855-ci illərdə Sevastopolun müdafiəsi” panoramının binasına ziyan vurub. Dam yanır. Bu bina sadəcə muzey deyil, dəfələrlə düşmən zərbələrinə sinə gərmiş bir dözüm simvoludur”, – deyə Razvojayev bildirib.
Şəhər meri qeyd edib ki, muzey binası daha əvvəl də, o cümlədən İkinci Dünya müharibəsi zamanı Almaniya aviasiyasının bombardmanlarına məruz qalıb. Hazırda hadisə yerində yanğınsöndürənlər, xilasedicilər və aidiyyəti qurumların əməkdaşları çalışırlar.
Qeyd edək ki, son günlər Ukrayna dronlarının Krım yarımadasına hücumlarının intensivləşdiyi bildirilir. Bir gün əvvəl Sevastopolda fərdi yaşayış evinə edilən PUA hücumu nəticəsində bir nəfər yaralanmışdı.

Bizim.Media
































































































