Raul Kastro ABŞ-ın ittihamlarından sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdı

Hazırda oxunan: Raul Kastro ABŞ-ın ittihamlarından sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdı

617649

Kuba inqilabının əsas fiqurlarından biri, ölkənin keçmiş rəhbəri və sabiq prezidenti Raul Kastro, 1996-cı ildə iki mülki təyyarənin vurulmasında oynadığı iddia edilən rola görə ABŞ tərəfindən ona qarşı rəsmi ittihamlar irəli sürüldükdən sonra ilk dəfə xalq arasında görünüb.

Bizim.Media xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi məlumat yayıb.

95 yaşlı Kastronun ictimaiyyət qarşısına çıxışı onun ad günü münasibətilə Havanadakı Daxili İşlər Nazirliyində təşkil olunmuş təntənəli tədbirə təsadüf edib. Dövlət televiziyasının yaydığı kadrlarda yüksək rütbəli rəsmilərin və hərbi rəhbərlərin iştirak etdiyi zala xaki rəngli hərbi formada daxil olan sabiq liderin alqışlarla qarşılandığı görünür.
 

Kuba Prezidenti Migel Dias-Kanel tədbirdəki çıxışı zamanı Kastronu "qəhrəmanlıq və ləyaqət" rəmzi adlandırıb, onun ölkə tarixindəki və inqilabdakı rolunu xüsusi vurğulayıb. Dias-Kanel "Raul Kubadır, Kuba isə toxunulmazdır" deyərək Vaşinqtonla münasibətlərin gərginləşdiyi bir vaxtda ölkədəki milli birliyə diqqət çəkib.


Xatırladaq ki, ABŞ Ədliyyə Departamenti iyunun əvvəlində 95 yaşını qeyd edən Raul Kastroya qarşı 1996-cı ildə Mayamidən olan kubalı mühacirlərə məxsus iki silahsız mülki təyyarənin ("Brothers to the Rescue" təşkilatına aid) Kuba hərbi hava qüvvələri tərəfindən vurulması və 4 ABŞ vətəndaşının ölümü ilə bağlı rəsmi qəsd ittihamı irəli sürüb.
 

Bu addım ABŞ administrasiyasının Kubaya qarşı sanksiyaları sərtləşdirmək və adaya yanacaq tədarükünü məhdudlaşdırmaq da daxil olmaqla həyata keçirdiyi geniş təzyiq kampaniyasının bir hissəsi kimi qiymətləndirilir.


Kuba hakimiyyəti isə öz növbəsində ölkənin ABŞ üçün heç bir təhlükə yaratmadığını bəyan edir, ittihamları tamamilə siyasi motivli adlandıraraq rədd edir və Vaşinqtonun təzyiqləri artıracağı təqdirdə "qətiyyətli cavab" veriləcəyini deyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin