Niderland rəhbərliyi, aralarında krallığın altı təbələsi olan "Sumud" flotiliyasının saxlanılmış fəalları ilə qəddar rəftarın əks olunduğu videonun yayımlanmasından sonra izahat tələb etmək üçün İsrail səfirini Xarici İşlər Nazirliyinə çağırıb.
Bizim.Media xəbər verir ki, bu barədə NOS telekanalı məlumat yayıb.
Jurnalistlərin məlumatına görə, buna səbəb İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin "X" sosial şəbəkəsində paylaşdığı videoçarx olub.
Videoda İsrail hüquq-mühafizə orqanlarının əlləri bağlı olan fəallardan birini yerə yıxdığı, onlarla saxlanılan digər şəxslərin isə üzüaşağı diz çökdürüldüyü görünür. Arxa fonda isə İsrailin dövlət himni səslənir. Ben-Qvir videonun şərhində fəalları "terror tərəfdarları" adlandırıb.
Niderlandın xarici işlər naziri Tom Berendsen saxlanılan şəxslərlə bu cür rəftarını və İsrail nazirinin şərhini "tamamilə qəbuledilməz" adlandırıb.
O, bu mövqeyi İsrailin xarici işlər naziri Gideon Saara çatdırıb və Niderlandın İsrail rəhbərliyindən üzrxahlıq gözlədiyini bəyan edib.
Bundan əlavə, Berendsen İsrailin Niderland vətəndaşlarının vətənə təhlükəsiz və tezliklə qayıtmasına şərait yaratmalı olduğunu vurğulayıb.
Bizim.Media






































































































