Bakıda Türk dünyasının birliyini əks etdirən klip böyük maraqla qarşılandı - VİDEOREPORTAJ

Hazırda oxunan: Bakıda Türk dünyasının birliyini əks etdirən klip böyük maraqla qarşılandı - VİDEOREPORTAJ

614376

Mayın 20-də Azərbaycan sənət dünyasında yaddaqalan anlardan biri yaşanıb.

Bizim.Media xəbər verir ki, Türk dünyasının birliyini, milli ruhunu özündə əks etdirən “Turan marşı”na çəkilmiş klip musiqisevərlərə təqdim olunub.

Təqdimat mərasimində tanınmış sənət adamları, media nümayəndələri, eləcə də türk dünyasının səfirlərinin xanımları da iştirak ediblər.
 

Mahnının ifaçıları – Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar təqdimat zamanı bildiriblər ki, “Turan marşı” onların yaradıcılığında xüsusi yer tutur və bu layihə üzərində böyük sevgi və məsuliyyətlə çalışıblar.


Onlar mahnının tamaşaçılar tərəfindən rəğbətlə qarşılanacağına inandıqlarını qeyd ediblər.
Gülyanaq Məmmədova diqqətə çatdırıb ki, layihə Mədəniyyət Nazirliyinin dəstəyi ilə, tarixi memarlıq və mədəniyyət abidələrinin təbliği, eləcə də milli mədəni irsin qorunması çərçivəsində həyata keçirilib.

Təqdim olunan klip də həmin layihənin bir hissəsidir.



Mahnının sözləri və ritmi ilə yanaşı, klipdə istifadə olunan obrazlar, milli elementlər və geyimlər də diqqət çəkib. Klip boyunca Türk dünyasının ortaq dəyərləri, qardaşlıq və birlik mesajları ön plana çıxarılır.

Təqdimatda çıxış edənlər bu layihə ilə bağlı təəssüratlarını və klip çəkilişi zamanı maraqlı məqamları da bölüşüblər. Layihənin ideya müəllifi, eyni zamanda ssenaristi telejurnalist Səidə İbrahimli, söz və musiqi müəllifi şairə Nəsibə İsrafilqızı, rejissor Faiq Əliyev, geyim üzrə rəssam Gülzadə Abdulova çıxış edərək vurğulayıblar ki, bu kliplə bağlı təklif və ideya ortaya çıxanda böyük maraq və həvəslə işə başlanılıb, bunun nəticəsində isə ortaya dəyərli bir əsər çıxıb.
 

Çıxışlardan sonra “Turan marşı” klipi təqdim olunub. Klipin tarixi Əlincə qalasında çəkilməsi, istifadə olunan milli geyimlər işin ərsəyə gəlməsində böyük zəhmətlə yanaşı  milli ruh və vətənpərvərlik hisslərini də əks etdirir.


Tədbirdə sözügedən kliplə yanaşı Beynəlxalq Ailə Gününə həsr olunmuş “Ailə səadəti” adlı klip də təqdim olunub. Bu klipdə Gülyaz və Gülyanaq bacıları ilə yanaşı onların ailə üzvləri də yer alır.

Musiqisi Rauf Məmmədov, sözləri İsmayıl Dadaşova aid olan “Ailə səadəti” mahnısı ailənin möhkəmliyini, fərdlər arasında doğmalıq hissini, milli-mənəvi dəyərləri təbliğ edir.

















Şəfiqə Şəfa, İntiqam İbrahimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin