“Magistratura imtahanının ikinci cəhdinin yenidən keçirilməsi nəticəsində 17 may imtahanında düşmüş sualların təkrar çıxma ehtimalı aşağıdır”.
Bu sözləri təhsil eksperti Elçin Süleymanov Bizim.Media-ya açıqlamasında deyib:
“Dövlət İmtahan Mərkəzinin sistemində sual bazası kifayət qədərdir. Bu, əvvəl sınaq imtahanlarında müşahidə olunurdu və bu gün də həmin baza əsasında formalaşır. Tələbələrin təkrar imtahan verməsi nəticəsində əvvəl düşmüş sualların yenidən çıxma ehtimalı çox aşağıdır.
Ona görə də ciddi problem olacağını düşünmürəm. Bu, şəraitlə əlaqədar müxtəlif səbəblərdən iştirak edə bilməyən tələbələr, eyni zamanda, imtahanda yenidən iştirak etmək istəyənlər üçün fürsətdir.
Yəni, bu il iki yox, üç imtahan keçirilmiş olacaq. Burada müsbət məqamlardan biri də odur ki, obyektiv səbəblərdən iştirak edə bilməyənlər ödəniş etməyəcəklər”.
E. Süleymanovun sözlərinə görə, bu, sadəcə əlavə imtahandır və öncəki imtahanda iştirak edənlər də ballarını artırmaq üçün yenidən şans əldə edirlər.
Qeyd edək ki, əlverişsiz hava şəraiti ilə əlaqədar baş verən fors-major hal nəzərə alınaraq Bakı, Abşeron və Sumqayıt şəhərlərində 14 iyun 2026-cı il tarixində magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək. Bu imtahanda 17 may tarixində keçirilmiş imtahan üçün qeydiyyatdan keçmiş bakalavrlar iştirak edə bilərlər.
Xədicə Paşayeva, Bizim.Media


































































































