Deputat: “Bakı-Tbilisi-Bakı reyslərinin bərpası Prezidentin strateji qərarının nəticəsidir”

Hazırda oxunan: Deputat: “Bakı-Tbilisi-Bakı reyslərinin bərpası Prezidentin strateji qərarının nəticəsidir”

614356

Xəbər verdiyimiz kimi, Azərbaycan və Gürcüstan mayın 26-dan Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarları xidmətlərinin bərpası barədə razılığa gəliblər.

Belə ki, Gürcüstanın Baş nazir İrakli Kobaxidzenin WUF13-də iştirak etmək məqsədilə Azərbaycana səfəri çərçivəsində Azərbaycan Respublikası və Gürcüstan iqtisadiyyat, enerji və bağlantı sahələrində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş hərtərəfli sazişlər toplusunun imzalanması ilə strateji tərəfdaşlıqlarını bir daha təsdiqləyiblər.
 

İmzalanma mərasimi 18 may 2026-cı ildə Bakıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Gürcüstanın Baş naziri cənab İrakli Kobaxidzenin iştirakı ilə baş tutub.


Hər iki lider imzalanmış sənədlərin əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini, xüsusən də Azərbaycan və Gürcüstanın bir çox ölkələr üçün bağlantı habı kimi mühüm rolunu və bu istiqamətdə əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.

Əldə olunan razılaşmaya uyğun olaraq, mayın 26-dan etibarən Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik reyslər həyata keçiriləcək.

Mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlama verən millət vəkili Müşviq Cəfərov bildirib ki, iki ölkə arasında dəmir yolu ilə sərnişindaşımanın bərpa edilməsi Prezident İlham Əliyevin qətiyyəti sayəsində mümkün olub:

“Cənab Prezident hər zaman deyir ki, “nəyi, necə, nə vaxt etmək lazımdır, onu mən bilirəm”. Pandemiya, pospandemiya dövründə baş verən proseslərdən irəli gələ biləcək təhlükələri nəzərə alaraq quru sərhədlərimiz xeyli vaxtdır ki, bağlıdır. Və real təhlükənin bir qədər sovuşduğunu nəzərə alan Dövlətimizin başçısı ilkin olaraq iki ölkə arasında dəmir yolu ilə sərnişin daşımanın bərpasını zəruri hesab edib.

İlk sərnişin qatarının yola düşmə vaxtı da rəmzi xarakter daşıyır.

Bildiyiniz kimi mayın 26-ı Gürcüstanın, mayın 28-i isə Azərbaycanın müstəqillik qazandığı gündür. Üstəlik, müqəddəs Qurban bayramı ərəfəsindəyik. Belə əlamətdar hadisələr, bayramlar ərəfəsində Prezident İlham Əliyevin verdiyi qərar sözün hər mənasında xalqımıza bayram hədiyyəsidir”.

Müsahibimiz onu da qeyd edib ki, bu xəbərə bütün Azərbaycan xalqı, xüsusən də Qərb bölgəsinin əhalisi çox sevinir:

“Borçalıda yaşayan sondaşlarımız üçünsə bu ikiqat bayram müjdəsidir. Bildiyimiz kimi, Gəncəbasar və Qazax bölgəsi hər zaman Gürcüstanla gedişli-gəlişli olub. Pandemiyadan dövründə və ondan sonra regionda baş verən proseslər zəruri etmişdi ki, quru sərhədlərimiz bağlı qalsın.
 

Bu səbəbdən də Qərb bölgəsindən Borçalıya gediş-gəlişi xeyli çətinləşmişdi. Bunun üçün hər kəsin Bakıya gəlməsi və təyyarə ilə Tbilisiyə uçması lazım idi. Bu da həm vaxt itkisi, həm də əlavə xərc demək idi. Ona görə də iki ölkə arasında dəmir yolu ilə sərnişindaşımanın bərpa olunması əlamətdar hadisədir. Bu hadisənin çox böyük sosial-iqtisadi əhəmiyyəti var”.


Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları" QSC (ADY) və "Gürcüstan Dəmir Yolları" SC arasında əldə olunmuş ilkin razılaşmaya əsasən, qatarlar hər gün Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tblisiyə çatacaq, Tbilisidən isə saat 21:00-da yola düşməklə növbəti gün Bakıya saat 06:24-də çatacaq.

Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarlara Azərbaycan ərazisində Bakı Dəmiryol Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında, Gürcüstan ərazisində isə Qardabani stansiyası və Tbilisi Dəmiryol Vağzalında dayanacaq veriləcək.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin