Azərbaycan və UN-Habitat qlobal Bakı Şəhərsalma Mükafatını təsis edib - FOTO

Hazırda oxunan: Azərbaycan və UN-Habitat qlobal Bakı Şəhərsalma Mükafatını təsis edib - FOTO

614423

Yeni qlobal Bakı Şəhərsalma Mükafatı Azərbaycan Hökuməti və BMT-nin Məskunlaşma Proqramı tərəfindən təsis edilib.

Bizim.Media xəbər verir ki, bu barədə WUF13 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Hökuməti və BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) dayanıqlı şəhər inkişafı sahəsində yeni qlobal mükafat – Bakı Şəhərsalma Mükafatını (Baku Urban Award) təsis edir:

"WUF13 çərçivəsində dayanıqlı şəhər inkişafı və əlçatan mənzil sahəsində qabaqcıl şəhərsalma həllərinin təşviqi və genişləndirilməsi məqsədilə Azərbaycan Respublikası Hökumətinin təşəbbüsü ilə BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə birgə təsis olunan yeni beynəlxalq mükafat – Bakı Şəhərsalma Mükafatının (Baku Urban Award) rəsmi təqdimetmə mərasimi keçirilib".

"Bakı Şəhərsalma Mükafatı uzunmüddətli sosial, iqtisadi və ekoloji təsir potensialına malik praktik şəhər həllərinin beynəlxalq səviyyədə təşviqinə yönəlmiş qlobal platforma kimi formalaşdırılır.

Mükafat Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) əsas qalıcı irsindən biri olacaq. Mükafat Forum çərçivəsi ilə məhdudlaşmayaraq, qlobal şəhər gündəliyinin uzunmüddətli təşviqinə xidmət edən beynəlxalq mexanizm kimi nəzərdə tutulur.

Təşəbbüs üç əsas istiqamətin birləşdirilməsini nəzərdə tutur:

• şəhərsalma mütəxəssisləri tərəfindən artıq tətbiq olunan praktik həllər;

• ekspert bilikləri və elmi əsaslandırılmış yanaşmalar;

• uğurlu təcrübələrin milli və beynəlxalq siyasətə inteqrasiyası.

Qiymətləndirilmə memarlıq, şəhərsalma, mənzil təminatı, iqlim dayanıqlılığı, maliyyə və vətəndaş cəmiyyəti sahələrində aparıcı beynəlxalq ekspertlərdən ibarət müstəqil münsiflər heyəti tərəfindən həyata keçiriləcək. Mükafat dünyanın bütün regionlarını təmsil edən iştirakçılar üçün açıq platforma olacaq.

Bakı Şəhərsalma Mükafatının təsis olunması Azərbaycanın qlobal şəhərsalma və iqlim gündəliyinə uzunmüddətli sadiqliyinin növbəti təzahürüdür.

Bu istiqamətdə həyata keçirilən təşəbbüslərə COP29-a ev sahibliyi, “Dayanıqlı və Sağlam Şəhərlər üçün Multisektoral Fəaliyyət Yolları (MAP)” və “Bakı Davamlılıq Koalisiyası” təşəbbüslərinin irəli sürülməsi, UN-Habitat-ın “Hər kəs üçün münasib mənzil” üzrə Açıq Hökumətlərarası İşçi Qrupuna həmsədrlik , eləcə də WUF13-ə Bakının ev sahibliyi etməsi daxildir.

Azərbaycanın UN-Habitat ilə əməkdaşlığı 2022-ci ildə Azərbaycan Milli Şəhərsalma Forumunun təsis edilməsindən etibarən ardıcıl şəkildə inkişaf edir.


Bu əməkdaşlıq çərçivəsində şəhərsalmanın inkişafı sahəsində birgə layihələr həyata keçirilir. Buraya həmçinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında üç Milli Şəhərsalma Forumunun təşkili, eləcə də 2023-cü ildə Bakıda Ümumdünya Məskunlaşma Günü münasibətilə keçirilmiş tədbirlər daxildir.


















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin