Gənc şahzadə Diananın peşəkar rəqqasə olmaq arzusu barədə yazdığı məktub Londonda hərraca çıxarılacaq.
Bizim.Media xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb.
Nəşrin məlumatına görə, iki səhifəlik məktubu Diana Spenser 1978-ci ildə, 17 yaşında yazıb. Məktub onun Böyük Britaniyanın hazırkı kralı III Çarlzla münasibətlərə başlamasından bir il əvvələ aiddir.
Diana məktubu rəfiqəsi Mildred Leysiyə ünvanlayıb. Leysi daha əvvəl insult keçirmiş Diananın atasına sağlamlıq arzularını göndərmişdi.
Məktubda gələcək şahzadə rəfiqəsinə dəstəyə görə təşəkkür edir və atasının tezliklə xəstəxanadan buraxılacağını bildirir.
Bundan başqa, Diana həyatını rəqslə bağlamaq arzusundan da yazıb.
“Mən rəqs etmək üçün özümə yer tapmağa hazırlaşıram. Bunu həmişə istəmişəm və ümid edirəm ki, nə vaxtsa bu sahədə uğur qazanacağam”, - deyə məktubda qeyd olunub.
Bildirilir ki, sənəd Londonun qərbində yerləşən “Chiswick Auctions” hərrac evində satışa çıxarılacaq. Lotun təxminən 4 min funt sterlinqə, yəni 5,4 min dollara satılacağı gözlənilir.
“The Independent” yazır ki, məktubu satışa şəxsi kolleksiyaçı çıxarıb. Həmin şəxs Diana və o vaxtkı şahzadə Çarlzın toyuna aid bir sıra xatirə əşyalarını da hərraca təqdim edib.
Qeyd olunur ki, şahzadə Diana 1981-1990-cı illərdə Qlazqodan olan keçmiş balerina Enn Allanla rəqs dərsləri alıb.

Bizim.Media


































































































