Keniyanın xarici işlər naziri Musaliya Mudavadi mayın 7-də bildirib ki, ölkənin 19 vətəndaşı Ukrayna cəbhəsində döyüşərkən həlak olub, daha 32 nəfər isə itkin düşmüş hesab olunur.
Bizim.Media xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Senat komitəsinin iclasında çıxış edən Musaliya Mudavadi bildirib ki, Rusiya ordusuna cəlb olunan keniyalıların sayı əvvəlki 250 nəfərlə müqayisədə 291 nəfərə çatıb.
Ölkənin xüsusi xidmət orqanları isə bu rəqəmi daha yüksək qiymətləndirir və 1000-dən çox keniyalının Rusiya silahlı qüvvələrinə cəlb edildiyini güman edirlər.
"Rusiya xüsusi təyinatlı bölmələrinə cəlb olunanlar barədə yeni detallar ortaya çıxıb", — deyə Mudavadi Senata bildirib və əlavə edib ki, hazırda 53 keniyalı çağırışçı vətəninə qaytarılıb.
Mudavadinin sözlərinə görə, daha iki keniyalı Ukraynada əsirlikdədir.
Bizim.Media






































































































