Pablo Eskobarın “canlı mirası” adlandırılan begemotlarla bağlı vəziyyət gözlənilməz istiqamət alıb.
Bizim.Media xəbər verir ki, Hindistan milyarderi Mukeş Ambaninin oğlu Anant Ambani vaxtilə narkobaron Pablo Eskobarın Kolumbiyaya gətirdiyi begemotları qəbul etməyə hazır olduğunu bildirib.
Söhbət 1980-ci illərdə Eskobarın şəxsi zooparkı üçün Kolumbiyaya gətirdiyi begemotlardan gedir. Narkobaronun ölümündən sonra heyvanlar nəzarətsiz qalıb və Maqdalena çayı ətrafında sürətlə çoxalmağa başlayıblar.
Zamanla bu begemotlar Kolumbiyada invaziv növə çevrilib. Onlar yerli ekosistemə zərər vurur, balıqçılar üçün təhlükə yaradır və populyasiyaları sürətlə artır.
Kolumbiya hakimiyyəti daha əvvəl begemotların sayını nəzarət altına almaq üçün onların bir hissəsinin vurulması variantını da nəzərdən keçirdiyini açıqlamışdı.
Bu planlar fonunda Hindistanın ən varlı insanlarından biri olan Mukeş Ambaninin oğlu Anant Ambani təxminən 80 begemotu Hindistana aparmaq təşəbbüsü ilə çıxış edib.
O, Kolumbiya hökumətinə rəsmi təklif göndərib və heyvanların Hindistandakı Vantara mərkəzinə “təhlükəsiz və elmi nəzarət altında köçürülməsini” təmin etməyə hazır olduğunu bildirib.
Vantara Qucarat ştatında yerləşən genişmiqyaslı heyvanların xilas edilməsi və reabilitasiyası mərkəzi kimi təqdim olunur. Məlumata görə, mərkəzdə yüzlərlə fil, onlarla ayı, yüzlərlə pələng və şir, həmçinin bəbirlər və timsahlar saxlanılır.
Anant Ambani açıqlamasında təşəbbüsün humanitar tərəfini önə çəkib:
“Bu begemotlar harada doğulacaqlarını özləri seçməyiblər. Onlar canlı varlıqlardır və əgər onları humanist yolla xilas etmək imkanımız varsa, bunu etməyə borcluyuq”.
Kolumbiya hakimiyyəti isə begemotların sayına nəzarət etmək üçün müxtəlif variantları nəzərdən keçirir. Bunlar arasında sterilizasiya, başqa ölkəyə köçürülmə və son çarə kimi heyvanların vurulması da var.
Ölkənin Ətraf Mühit Nazirliyi bildirir ki, sərt tədbirlər görülməsə, begemotların populyasiyasını nəzarətdə saxlamaq mümkün olmayacaq.
Bizim.Media






























































































