Mişel Obama etiraf etdi: Barak Obama ilə münasibəti əvvəlcə yersiz hesab edirdim

Hazırda oxunan: Mişel Obama etiraf etdi: Barak Obama ilə münasibəti əvvəlcə yersiz hesab edirdim

608676

Mişel Obama gələcək həyat yoldaşı Barak Obama ilə münasibətə başlayanda əvvəlcə tərəddüd etdiyini bildirib. O qeyd edib ki, eyni hüquq şirkətində işlədikləri üçün həmkarlar arasında sevgi münasibətini yersiz və bir qədər bayağı hesab edirdi.

Bizim.Media xəbər verir ki, bu barədə o, Filadelfiyada keçirilən History Talks tədbirində çıxışı zamanı danışıb.

“Əvvəlcə onunla görüşmək fikrim yox idi. Mənə elə gəlirdi ki, bu, həddindən artıq klişe görünəcək - Harvard məzunu iki qaradərili bir-birinə aşiq olur. Hətta ona dedim ki, biz görüşə bilmərik, bu, çox şablondur. O isə mənə dedi: ‘Boş ver bunu’”, deyə o, əlavə edib.

ABŞ-ın gələcək birinci ailəsi 1989-cu ildə Çikaqodakı Sidley Austin hüquq şirkətində tanış olub. Həmin vaxt Mişel Robinson şirkətdə gənc hüquqşünas və təcrübəçi Barak Obamanın rəhbəri idi.

Mişel xatırladıb ki, Barak ilk iş günündə işə gecikib və bunu hava şəraiti ilə əlaqələndirib. “Mən isə hər şeyi dəqiqliklə qeyd edən biri kimi düşündüm: ‘Bu necə də qeyri-ciddidir’”, - deyə o bildirib.
 

Onun sözlərinə görə, əvvəlcə Barakın tərcümeyi-halını oxuyanda da onda müəyyən şübhələr yaranıb. “Düşündüm ki, ağıllı oğlandır, amma Havayda böyümüş qaradərili biridir - bu, mənə bir qədər qeyri-adi gəldi. Mən ağdərililərin “yaxşı və düzgün qaradərili oğlan” hesab edəcəyi tipik kitabsevər birini gözləyirdim”, - deyə Mişel bildirib.


Lakin sonradan Barak onu təəccübləndirib. “O, sakit bir özünəinamla, hətta xarizma ilə içəri daxil oldu”, - deyə sabiq birinci xanım qeyd edib.

Mişel bildirib ki, həmin gün nahar zamanı onlar bir-birlərini daha yaxından tanımağa başlayıblar. Onun sözlərinə görə, Barak zarafatcıl, təvazökar və olduqca ağıllı insan idi.

O əlavə edib ki, hər ikisi fəhlə ailəsindən çıxsalar da, həyat yolları fərqli olub. Barak Obama natamam ailədə böyüyüb, müxtəlif ölkələrdə, o cümlədən İndoneziyada yaşayıb, onun nənə və babası isə Kanzasdan olub.

“Amma dəyərlərimiz və baxışlarımız üst-üstə düşürdü”, - deyə Mişel Obama vurğulayıb.

Onun sözlərinə görə, Barak hüquq təhsili alsa da, sadəcə uğurlu hüquqşünas olmaq istəmirdi, biliklərini insanlara kömək etmək üçün istifadə etməyə çalışırdı.

Zaman keçdikcə onların arasında romantik münasibət yaranıb. Onlar Çikaqoda birlikdə gəzib, muzeylərə və filmlərə gediblər. İlk öpüşləri isə Hayd-Parkdakı Baskin-Robbins kafesinin yaxınlığında baş verib. Həmin yer sonradan hətta “Obama öpüşü daşı” kimi yadda qalıb.
 

Barak Obama daha sonra yazmışdı ki, Mişeli dondurmaya qonaq edib, onların “masası” isə küçə kənarındakı bordür olub. Yayın sonunda isə o, Mişelə “Gəl, həyata ciddi yanaşaq” deyib. Bundan sonra onlar rəsmi şəkildə görüşməyə başlayıblar.


Mişel Obama etiraf edib ki, məhz Barakın həyata baxışı onu öz yolunu yenidən düşünməyə və həyat məqsədi barədə ciddi şəkildə düşünməyə vadar edib.

O bildirib ki, bir müddətdən sonra hüquq şirkətində işləmək barədə də tərəddüd etməyə başlayıb və korporativ mühitdə qalıb-qalmamaq barədə özünə suallar verib.

Sonradan Mişel Obama özəl sektordakı karyerasını tərk edərək ictimai fəaliyyət sahəsinə keçib. O, Çikaqo administrasiyasında, qeyri-kommersiya təşkilatlarında və səhiyyə sahəsində çalışıb. 2008-ci ildə isə həyat yoldaşının prezident seçki kampaniyasına dəstək vermək üçün işini dayandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin