Erməni müxalifətinin liderlərindən biri olan Paruyr Ayrikyan müddətsiz aclıq aksiyasına başlayıb. Onun sözlərinə görə, Serj Sarkisyan kimi insan çoxdan postundan getməli idi. O, prezident istefaya gedəndə aclığı dayandıracağını deyib.
"Daşnaksütyun" partiyasının nümayəndəsi isə Robert Köçaryanın hakimiyyətə qayıtmasının əleyhinə olmadığını deyib. Müxalifət özü də çoxminlik etiraz aksiyalarına hazırdır. Tələb birdir - Sarkisyan getməlidir.
Təbii ki, bu vəziyyət Serj Sarkisyanın özünə də mənfi təsir edir. O, bir müddət əvvəl erməni xalqına hücum edib - siz pis işləyirsiz, ona görə də pis yaşayırsız. Amma işi hardan tapmalı olduqlarını deməyib.
Ötən şənbə o məclisdə çıxış edib. O, öz çıxışına ənənəvi olaraq Azərbaycana hücum etməklə, onu bütün günahlarda itiiham etməklə başlayıb. Sarkisyan deyib ki, istənilən imkandan istifadə edərək həqiqətləri tərəfdaşlarımıza, dostlarımıza, eləcə də Ermənistana elə də yaxşı münasibət bəsləməyənlərə çatdırmaq lazımdır.
Sən demə belələri də var imiş. Sarkiysan hansı həqiqətlərdən bəhs etdiyini də açıqlamayıb. Bəlkə Azərbaycan ərazilərinin işğal edilməsini? Amma buna onun cəsarəti çatmaz. Öz çıxışında o özünü öyməyi də unutmayıb. Erməni şahmatçılar dünya, Azərbaycan idmançıları isə Avropa çempionudurlar. Lakin yenə o ölkəsinin başqa uğurları haqqında da susub.
Azərbaycanla bağlı növbəti qorxuya salmaq cəhdləri, ermənilərə "gəlin mehriban olaq" kimi çağırışlara çətin ki, bu ölkə sakinləri hay versinlər. Ermənilər artıq prezidentlərinin onları hər gün "qidalandırdığı" "sabah biz daha yaxşı yaşayacağıq" kimi boş sözlərindən və vədlərindən yorulub.
Xatırladaq ki, ötən həftə Ermənistanın müdafiə naziri ona xas olmayan bəyanatla çıxış edib. Hərbi rəhbərlik rəsmi Bakını Ermənistanın beynəlxalq avtoritetini korlamaqda ittiham edib.
Əslində Serj Sarkisyanın və komandasının avtoritetinin çoxdan korlandığını bu ölkənin özündə də etiraf edirlər. Onların bəyanatları, çıxışları köhnə bir məsəli xatırladır: “Üzdəki eybə görə güzgünü günahlandırmaq olmaz".


































































































