Sehrbaz Amerika...

Hazırda oxunan: Sehrbaz Amerika...

42218
Ukrayna hadisələri yenicə qızışmağa başlayanda Zərdüşt Əlizadə Moderator.az-a bir baməzə açıqlama vermişdi ki, Yanokuviçi asanlıqla devirmək mümkün deyil, çünki hələlik müxalifətin barıtı azdır. O vaxt dostlar zarafatla deyirdi ki, Rusiya bu barıtı da elə isladacaq ki, “Maydan”a toplaşanlar suyu süzülə-süzülə gəldikləri kimi də geri qayıdacaq. Bu o vaxtlar idi ki, Suriyanın kimyəvi silah məsələsində Amerikanın saqqızını oğurlayan Putin Rusiyası yeni statusda zühur etmişdi və hamı barmağını dişləmişdi ki, sən öləsən, deyəsən Rusiya SSRİ-nin it-bata düşmüş nüfuzunu geri qaytarmaq ərəfəsindədir. Ancaq bunları o adamlar proqnozlaşdırırdılar ki, onlar sehrbaz Amerikanı yaxşı tanımırdılar. Kimsənin ağlına da gəlmirdi ki, Bəşər Əsədə dişini qıcayan Vaşinqton nədən birdən-birə Rusiyanın təklifi qarşısında dondurma kimi əridi və hətta az qala Putinə minnətdarlıq edəcək qədər yalançı bir səmimiyyət izhar etdi...
İndi bəlli olur ki, tülküdən bic Amerika əsl sehrbaz kimi bütün prosesləri zərgər dəqiqliklə hesablayıbmış, özü də Rusiyanın bu planı poza biləcəyini nəzərə almadan. Görünür, Aş Evdə oturanlar Rusiyanı heçə saymaqda haqlı imişlər. Bu prosesi beyin mərkəzində-idarə olunan xaos nəzəriyyəsinin boynuna elə biçdilər ki, Soçi Qış Olimpiadasının məşəli söndürülən gün Rusiyanın da işığını söndürdülər. Bu bir qisas günüydü. O qisasın təməlini 2008-ci ilin avqustunda dünyanın başı Pekin Yay Olimpiadasına qarışanda Gürcüstana soxulmaqla təcavüzkar Rusiya qoymuşdu. O vaxt Rusiya sanki bir kəmfürsət oğru kimi davranmışdı. Qapını bağlamadan qonşunun toyuna gedən ailənin evini qarət edən bir bicbala kimi Amerikanın ən yaxın dostuna təcavüz etmişdi. Bununla o Olimpiadanın adına xələl gətirərək sülhə qənim kəsilən faşist xislətiylə Hitlerdən heç nə ilə fərqlənmədiyini bir daha isbatlamışdı...
Amma Putin unudurdu ki, Sem dayı bu heyfi onda qoymayacaq və mən tam əminliklə vurğulamaq istəyirəm ki, hələ 2008-ci ilin avqustundan Vaşinqton Soçi Olimpiadasına hazırlaşırdı...
Əbəs yerə deməyiblər ki, bütün inqilabları dahilər hazırlayır, fanatiklər həyata keçirir və fırıldaqçılar bəhrələnir. Ukrayna inqilabındakı dahinin də kimliyi bəlli, fanatik və fırıldaqçıların da. Bu inqilabın Ukrayna xalqına nə verəcəyini indidən proqnozlaşdırmaq mümkün deyil və heç kim zəmanət verə bilməz ki, artıq üstündən 10 il keçdikdən sonra ikinci dəfə Yanukoviçi devirən müxalifət bir daha dərdini deməyə “Maydan” axtarmayacaq. Amma sehrbaz Amerika da məncə bir daha Rusiyaya onun əsəbləriylə oynamağa fürsət verməz. Odur ki, artıq ukraynalıları avropalı olmaq şansı qazandıqlarına görə təbrik etmək olar.
İndi hamı bir tapmacaya cavab axtarır və Sem dayının siyahısındakı növbəti avrodayanacağın hansı ölkə olduğu üzərində baş sındırırlar. Amma bizim xəyalpərsət demokratlarımızdan fərqli olaraq mən o siyahıda Azərbaycanın adının olmadığına adım kimi əminəm. Çünki bizim barıtımızı yerli-dibli elə isladıblar ki, onu istifadə etmək müşkül məsələdir. Yeganə əlac qalıb Sem dayının insafına, o nə vaxt Ukraynaya göndərdiklərini buralara göndərsə o zaman “Maydan” yalan olacaq. Çünki bizə olan ukraynalılarla müqayisəyə gəlməz...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin