26 yaşlı Həsna Əyt Eytbulaşe Parisin Sen-Deni səmtində polisin keçirdiyi antiterror əməliyyatı zamanı özünü partladıb.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, bu qız noyabrın 14-də Parisdə törədilmiş 7 terror aktının təşkilatçısı sayılan İŞİD mənsubu Əbdülhəmid Əbaudun dayısı qızıdır.
Fransa polisi Sen-Denidə əməliyyata başlayaraq Əbaudu və onun əlaltılarını yaxalamağa çalışanda Həsna Eytbulaşe belinə bağladığı "şəhid qurşağı"nı işə salıb.
"Kougöl" (The Cowgirl) ləqəbi ilə tanınan Həsna partlayışda həlak olub. Partlayış zamanı 3 polis yaralanıb.
Həsnanın rəfiqələrinin dediklərinə görə, bu qız spirtli içkilər içdiyi və kovboy papaqlarını sevdiyi üçün ona "Kougöl" deyirdilər: "Amma ötən il Həsna namaz qılmağa başladı, əvvəl hicaba, sonra çadraya büründü".
Həsnanın qohumları da onun "canlı bomba"ya dönərək həlak olmasına təəccüblənirlər.
"Həsna heç zaman radikal dindar olmamışdı. O, heç zaman Quran oxumurdu, namaz qılmırdı. Spirtli içkilər içirdi, siqaret çəkirdi, diskotekalar və barlara gedirdi. Onun çoxlu sevgililəri də vardı. Bir sözlə, içirdi, çəkirdi, gəzirdi", - Həsna Əyt Eytbulaşenin qohumları söyləyiblər.
Həsnanın valideynləri boşanıblar. Qız Parisdə, anası ilə yaşayırdı və ildə iki-dörd həftəliyə Fransanın Lotaringiya vilayətindəki Mozel bölgəsinə, Krötsvald şəhərinə yollanırdı.
Həsnanın atası Heyt Bulaşı Krötsvaldda yaşayırdı.
Həsna Eytbulaşenin valideynləri 1973-cü ildə Mərakeşdən Fransaya mühacirət etmiş, Parisdə yaşamağa başlamışdılar. Avropanın ilk "canlı bomba" qızı da 1989-cu ildə Parisin Klişi la Qaren səmtində doğulmuşdu.
Polisdən verilən məlumata görə, Həsna Sen-Denidəki mənzildə özünü partlatmazdan əvvəl "Kömək edin! Ölmək istəmirəm!" qışqırıb.
Krötsvald şəhərində, Həsnanın atasının evində axtarış aparılıb.











































































































