Buğdanın qiyməti 7 dollar/buşelə yaxınlaşaraq avqustun 25-dən bəri ən aşağı səviyyəyə düşüb. Qiymət avqustun 28-də qeydə alınan 7,67 dollarlıq 3,5 illik maksimumdan 8 faizdən çox aşağıdır.
Qiymətin azalmasına Qara dənizdən taxıl tədarükünün bərpa oluna biləcəyi ilə bağlı gözləntilər təsir edib.
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Hindistan, Türkiyə, Misir və Yaxın Şərqin digər ölkələri Qara dənizdə gəmiçilik marşrutlarının açılması ilə bağlı müzakirələrə cəlb olunub. Türkiyə isə Moskva ilə dəniz təhlükəsizliyi üzrə təkliflər təqdim edib.
Atəşkəs əldə olunacağı təqdirdə Rusiyanın Qara dənizdəki taxıl terminallarının gücünün 80 faizədək hissəsini qısa müddətdə bərpa edə biləcəyi gözlənilir.
Ukraynanın taxıl ehtiyatları sentyabrın 1-nə 24,6 milyon ton təşkil edib. Bu, ötən ilin eyni dövründən 10 milyon ton çoxdur. Bununla belə, limanlara və gəmilərə hücumlar ixracı məhdudlaşdırmaqda davam edir.
Asiya, Yaxın Şərq və Afrika ölkələri isə alternativ taxıl mənbələrinə yönəlir. Fransa Yəmənə 60 min ton buğda göndərib, Argentinanın buğda ixracı üzrə öhdəlikləri isə son beş ilin bu dövrü üçün ən yüksək səviyyəyə çatıb.
Bəs bu ucuzlaşmanın Azərbaycan bazarına təsiri necə olacaq?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı Natiq Cəfərli deyib ki, taxılın qlobal bazarda ucuzlaşmasının səbəbi Rusiya və Ukraynada daha çox ərzaqlıq buğda istehsalıdır:
“Müharibə və sanksiyalar səbəbindən hər iki ölkə xarici bazara istədikləri qədər taxıl çıxarda bilmirlər. Məhdud imkanlar olduğu üçün hər iki dövlət daha ucuz qiymətə daha çox taxıl satmaq istəyir. Bu səbəbdən də qlobal bazarda qiymətlər düşür. Təsəvvür edin ki, ixracı stimullaşdırmaq üçün Rusiya gömrük rüsumlarını belə ləğv edib.
Təsadüfi deyil ki, azərbaycanlı iş adamları da yenidən Rusiyaya üz tutublar. Əvvəlki illərdə daha çox Qazaxıstandan taxıl idxal edirdiksə, ində vəziyyət dəyişir. Bu qiymət enişinin daxili istehsal və çörəyin qiymətinə təsirini isə zamanla öyrənəcəyik”.
Surxay Atakişiyev, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:30 / 02.10.2026
Çörək UCUZLAŞACAQ?
Hazırda oxunan: Çörək UCUZLAŞACAQ?
Hazırda oxunan: Çörək UCUZLAŞACAQ?
639851
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































