Gündəlik istifadə etdiyimiz bəzi məhsullar bağırsaq mikrobiomuna mənfi təsir göstərə bilər.
Bizim.Media xəbər verir ki, britaniyalı bağırsaq sağlamlığı üzrə mütəxəssis Jordan Howorth The Independentə müsahibəsində bağırsaqdakı faydalı bakteriyaların balansını poza bilən bəzi vasitələrdən danışıb.
Onun sözlərinə görə, geniş istifadə olunan bəzi qida əlavələri, ağız yaxalayıcıları və arıqlamaq üçün istifadə edilən GLP-1 qrupuna aid preparatlar mikrobiomun balansına ciddi təsir göstərə bilər.
Mütəxəssis bildirib ki, ağız gigiyenası vasitələrinin tərkibindəki antibakterial komponentlər yalnız zərərli mikroorqanizmləri deyil, həm də orqanizmdə azot oksidinin yaranmasında iştirak edən faydalı bakteriyaları məhv edə bilər. Azot oksidi isə normal qan təzyiqinin və maddələr mübadiləsinin qorunmasında mühüm rol oynayır.
Howorth xüsusilə son dövrlərdə populyarlaşan müxtəlif qida əlavələri və “yaşıl tozlar” barədə də xəbərdarlıq edib. Onun sözlərinə görə, bu məhsulların həddindən artıq və nəzarətsiz istifadəsi mədə-bağırsaq sisteminə əlavə yük yarada və gözlənilən nəticənin əksinə olaraq bağırsağın təbii mühitini poza bilər.
Mütəxəssis qeyd edib ki, arıqlamaq üçün istifadə olunan GLP-1 qrupundan olan preparatlar da mədə-bağırsaq traktının hərəkətliliyini əhəmiyyətli dərəcədə dəyişir. Bu isə bağırsaq mikrobiomunun vəziyyətinə təsir göstərə bilər və belə preparatların istifadəsi zamanı həkim nəzarəti vacibdir.
Howorth insanları sağlamlıqla bağlı qərarlar qəbul edərkən sosial şəbəkələrdəki marketinq trendlərinə deyil, elmi məlumatlara əsaslanmağa çağırıb.
Bizim.Media





























































































