Sosial şəbəkələr ünsiyyət vasitəsi olmaqdan çıxaraq bir çox insan üçün işə, gəlir mənbəyinə, şəxsi brendə və hətta həyat tərzinə çevrilib. İnsanlar gündəlik həyatlarını minlərlə izləyici ilə paylaşır, istifadə etdiyi hər bir məhsulu, getdiyi məkanları reklam edərək qazanc əldə edir və vergi ödəyicisinə çevrilirlər.
Amma burada qəribə bir təzad da var. Belə ki, minlərlə insanın izlədiyi, hər gün yüzlərlə mesaj və reaksiya alan bəzi sosial şəbəkə fenomenləri real həyatda danışmağa, dərdini bölüşməyə bir nəfər belə tapa bilmədiklərini deyirlər.
Virtual aləmdə bu qədər insan arasında olan şəxs real həyatda niyə özünü tənha hiss edir? Sosial şəbəkələr bizi bir-birimizə yaxınlaşdırır, yoxsa uzaqlaşdırır?
Mövzuya psixoloq Gülnar Orucovanın münasibətini öyrəndik. Psixoloq Bizim.Media-ya açıqlamasında deyib ki, izləyicinin çoxluğu ilə yaxın münasibət fərqli şeylərdir:
“Son dönəmlərdə insanların getdikcə daha çox tənhalaşdığını müşahidə edirik. Bununla yanaşı, insanlar arasında aqressiv münasibətlər, bir-birini qəbul edə bilməmək və başqasının uğuruna sevinməkdə çətinlik çəkmək də artıb. Bəzən bir insanın maddi vəziyyəti yaxşı olur.
Bunun arxasında onun təhsili, bacarığı, zəhməti, qurduğu ailə və ya illər ərzində qazandığı təcrübə dayana bilər. Amma ətrafdakılar çox vaxt həmin uğurun səbəbini görmək əvəzinə, həmin insanda mənfi cəhətlər axtarmağa başlayırlar. Onun haqqında pis danışmaq, şər və böhtan yaymaq, onu başqalarının gözündə gözdən salmağa çalışmaq kimi hallar ortaya çıxır.
Bu baxımdan, insanlarda paxıllıq hissinin də ciddi şəkildə önə çıxdığını görürük. Halbuki bir insanın uğurunu qəbul etmək, ondan ilham almaq mümkündür. Bir insanın uğuruna heyran olmaq, onun əldə etdiklərini özün üçün motivasiya mənbəyinə çevirmək başqa şeydir, həmin insanın sahib olduqlarını həzm edə bilməyib onu aşağı çəkməyə çalışmaq tamam başqa. Bu münasibətlər sosial şəbəkələrdə daha açıq şəkildə görünür”.
O, insanlar arasında dostluq münasibətlərinin, dostluğun dəyərinin də itdiyini vurğulayıb:
“Vaxtilə bir-birinə yaxın olmuş, dostluq etmiş insanlar sonradan münasibətləri pozulduqda bir-birinin şəxsi sirlərini, yazışmalarını və həyatına dair məlumatları izləyicilərlə paylaşırlar. Halbuki bir vaxtlar həmin insana güvənmisənsə, münasibət bitdikdən sonra belə onun şəxsi həyatına hörmət etmək lazımdır. Münasibətin sona çatması keçmişdə verilmiş etimadın və paylaşılan sirrin dəyərini avtomatik olaraq aradan qaldırmır”.
Psixoloq hesab edir ki, sosial şəbəkələrdə izləyicilərə təqdim olunan həyatla real həyat arasında ciddi fərq var:
“Blogerlər və influenserlər, əsasən, həyatlarının ən yaxşı, ən rahat və ən cəlbedici tərəflərini göstərirlər. Lakin izləyici çox zaman bütün bunların arxasında reklam və kommersiya məqsədinin olduğunu görmür. Problem ondadır ki, izləyici bütün bunların yalnız seçilmiş bir hissə olduğunu bəzən unudur. O, özünün adi, çətin və problemlərlə dolu həyatını influenserin sosial şəbəkədə nümayiş etdirdiyi parlaq həyatla müqayisə edir”.
Müsahibimiz insanların əvvəlkindən daha çox psixoloqa müraciətetmə səbəbini də açıqlayıb:
“Əvvəllər insanın problemi olanda çox vaxt yanında danışa biləcəyi bir dostu, qohumu və ya yaxın insanı olurdu. İnsan dərdini bölüşür, qarşı tərəf isə öz təcrübəsindən çıxış edərək ona məsləhət verir, təsəlli verir və dəstək olurdu. Bu gün isə xüsusilə sosial mediada görünən, tanınan və müəyyən maddi imkanlara sahib insanlar arasında belə həqiqi dostluq münasibətləri azalıb.
Belə vəziyyətdə psixoloq fərqli bir rol oynayır. İnsan psixoloqa həyatında baş verənləri, qorxularını, münasibətlərini və ən şəxsi məsələləri daha rahat danışa bilir. Burada peşəkar etika və məxfilik prinsipi də mühüm rol oynayır. Psixoloqun əsas vəzifələrindən biri müraciət edən şəxsin məxfiliyini qorumaqdır. Dost münasibətində isə belə peşəkar və hüquqi çərçivə yoxdur”.
Günay Şahmar, Bizim.Media







































































































