Bu ölkədə subaylara hökumət sevgili tapacaq - FOTO

Hazırda oxunan: Bu ölkədə subaylara hökumət sevgili tapacaq - FOTO

639515

Sinqapur hökuməti dövlət qulluqçuları üçün "FirstDate" adlı yeni onlayn tanışlıq xidmətini istifadəyə verib. Platforma müəyyən şərtlər daxilində uyğunlaşdırılan cütlüklərin ilk görüş xərclərini qarşılamağı vəd edir.

Bizim.Media "Economic Times" nəşrinə istinadən xəbər verir ki, layihədə iştirak etmək üçün əsas tələb dövlət müəssisələrində çalışmaq, 21-35 yaş aralığında və subay olmaqdır.

"FirstDate" Sinqapurun rəqəmsal transformasiyaya cavabdeh dövlət agentliyi "GovTech"in illik xakatonunda hazırlanmış ideya əsasında ərsəyə gəlib.

Platformaya daxil olmaq üçün istifadəçilər "Singpass" rəqəmsal vətəndaş pasportundan istifadə edirlər. Sistemə daxil olduqdan sonra onlar maraqları, vərdişləri və şəxsi dəyərləri ilə bağlı anketi doldururlar.

Xidmət tərəf-müqabili seçmək üçün Qeyl — Şepli riyazi alqoritmindən istifadə edir. Hər dövrə üzrə istifadəçiyə yalnız bir namizəd təklif olunur. Bildiriş gəldikdən sonra hər iki tərəfin cavab vermək üçün 72 saat vaxtı olur. Əlaqə məlumatları yalnız qarşılıqlı razılıq olduqda qarşı tərəfə ötürülür.

Platforma həmçinin ilk görüşün xərclərini qarşılamağa dəstək olur.

Lakin bunun üçün cütlük xüsusi tapşırığı yerinə yetirməlidir: onlar daha əvvəl dadmadıqları bir yeməyi birgə sınaqdan keçirməli, bunu sübut edən birgə foto (selfi) çəkməli və müvafiq formanı doldurmalıdırlar. Hədiyyə vauçerlərinin sayı məhduddur və onlar ilkin müraciət sırasına əsasən paylanılır.

Qeyd edək ki, "GovTech" agentliyi layihənin daha geniş əhali kütləsinə şamil olunub-olunmayacağı barədə hələlik rəsmi açıqlama verməyib.


Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin