Noyabrın 26-da Ümid Partiyasının Mərkəzi Qərargahında Qarabağ Bloku növbəti toplantısını keçirdi. Toplantıda Bələdiyyə seçkiləri, ölkədə davam edən həbslər və repressiyalar, 2015-ci il Azərbaycan büdcəsi, Ermənistana məxsus vertolyotun hərbiçilərimiz tərəfindən məhv edilməsi ilə bağlı ATƏT-in Minsk qrupunun sərgilədiyi mövqe, Dağıstanda azərbaycanlılara qarşı aparılan təzyiqlər və ayrıseçkilik, İran prezidentinin Azərbaycana son səfəri və digər məsələlər müzakirə olunub.
Blok üzvləri 23 dekabrda keçiriləcək Bələdiyyə seçkilərinin qeyri-demokratik şəraitdə keçirildiyini qeyd etdilər. Bildirildi ki, əvvəlki bələdiyyə seçkilərində olduğu kimi bu il də Ümid Partiyasından Bələdiyyə seçkilərində namizəd olacaq partiya üzvlərinə qarşı total hücumlar edilib. Namizədlərin evlərinə polis göndərilib, namizədliklərini irəli sürməmək üçün onların qohumlarına, ailə üzvlərinə və özlərinə təzyiqlər edilib. Seçkilərdə israrla iştirak etmək istəyənlərin isə çoxunun namizədliyi qeydə alınmayıb. Digər müxalifətdən olan namizədlər üçün də analoji hal baş verib. Blok üzvləri baş verənləri qəti şəkildə pislədilər və ciddi qanun pozuntusu olduğunu, seçkilərin nəticələrinin indidən şübhə altına alındığını, bu cür hadisələrin seçki porsudurlarının sıradan çıxarılmasına xidmət etdiyini bildirdilər, hakimiyyəti qanun pozuntularını dayandırmağa, normal seçki mühitinin yaradılması istiqamətində ciddi addımlar atmağa çağırdılar.
2015-ci ilin dövlət büdcəsi ilə bağlı müzakirədə qeyd olundu ki, nəzərdə tutulan büdcə qeyri-sosial yönümlüdür, Azərbaycan reallıqlarını əks etdirmir və korrupsiyaya riski böyük olan bir büdcədir. Xalqın həyat şəraitinin yaxşılaşdırılmasına, ölkədə işsizliyin azalmasına, sosial təminata ehtiyacı olanların probleminin həll olunmasınə təsir etmir. Azərbaycan hakimiyyəti ölkənin inkişafı ilə bağlı bəyanatlarını bu büdcə ilə inkar edir.
Tədbirdə son günlər Naxçıvanda AXCP fəalı hicran Qasımovun, AXCP Təşkilat Şöbəsinin müdiri Rafiq Daşdəmirlinin oğlu Sənan Daşdəmirlinin, Vəkil Elçin Namazovun və AXCP Rəyasət Heyətinin üzvü, Qarabağ qazisi Asif Yusiflinin həbsi qəti şəkildə pislənildi. Qeyd edildi ki, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin bağlanması, AB-yə daxil olan dövlətlərin diplomatik korpuslarının demokratik güclərlə əməkdaşlığının zəifləməsi repressiya və həbslərə, müxalifətin zəifləməsinə və demokratiyanın geriləməsinə səbəb olub. Blok üzvləri hakimiyyəti insan hüquq və azadlıqlarının təmin edilməsi ilə bağlı beynəlxalq təşkilatlar qarşısında üzərinə götürdüyü öhdəliklərə əməl etməyə, siyasi sifarişli təqib və həbsləri dərhal dayandırmağa, Həbs olunanların barəsində
seçilmiş həbs qəti-imkan tədbirinin dəyişdirilməsinə, istintaqın ədalətli və şəffaf aparılmasına çağırdı.
Əlavə olaraq qeyd olundu ki, baş verən həbslər 2015-ci ildə Azərbaycanda keçiriləcək Yay Olimpiya oyunlarını risk altına salır və bunun məsuliyyətini həbsləri həyata keçirən orqanlar daşıyır.
Toplantıda ilk növbədə hava sərhədlərimizi pozan və xəbərdarlıq edilməsinə baxmayaraq hava məkanımızda təxribatlarını davam etdirən Ermənistana məxsus vertolyotun hərbiçilərimiz tərəfindən məhv edilməsi ilə bağlı ATƏT-in Minsk qrupunun sərgilədiyi mövqe müzakirə olundu. Qeyd edilib ki, işğal altında olan Azərbaycan ərazilərinin statusu ATƏT-in Minsk qrupu tərəfindən “neytral zona”x9d kimi ifadə edilməsi yol verilməzdir. Bu davranışı danışıqlar yolu ilə işğal altında olan Azərbaycan torpaqlarının Ermənistana verilməsinə xidmətin əlaməti kimi qiymətləndirmək olar. Eyni zamanda qeyd edilib ki, işğal altında olan Azərbaycan torpaqları üzərində Azərbaycan dövləti tərəfindən həyata keçirilən suveren hüquqa heç bir dövlət mane ola bilməz.
Abxaziya Resublikasının rəhbərinin Moskvada Rusiya ilə imzalayacaq müttəfiqlik sazişi də müzakirə olunub. Abxaziyanın beynəlxalq hüququn subyekti olmadığına görə Rusiya və Abxaziya arasında imzalanacaq müttəfiqlik sazişinin beynəlxalq hüquq normalarına zidd olduğu bildirildi və Rusiya tərəfindən Gürcüstanın azadlığına, suverenliyinə və müstəqilliyinə müdaxilə kimi dəyərləndirildi. Toplantı iştirakçıları dünya ictimaiyyətini Cənubi Qafqazda, o cümlədən dünyada sülhü və təhlükəsizliyi təhdid edən bu presedentə qarşı sərt mövqe ortaya qoymağa çağırdı.
Qeyd edilib ki, Rusiya ilə Cənubi Qafqaz ölkələri arasında olan münasibətlər beynəlxalq hüquq normaları çərçivəsində tənzimlənməli və qurulmalı, hər bir dövlətin ərazi bütövlüyünə, suverenliyinə və müstəqilliyinə hörmətlə yanaşılmalıdır.




































































































