Müdafiə Nazirliyində hərbi-tibbi müşavirə KEÇİRİLDİ - FOTO

Hazırda oxunan: Müdafiə Nazirliyində hərbi-tibbi müşavirə KEÇİRİLDİ - FOTO

620295

Müdafiə Nazirliyinin təşəbbüsü ilə Tibb İdarəsində hərbi, hüquq-mühafizə və digər müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə müşavirə keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, tədbirdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyası, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Mühafizə Xidməti, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim mütəxəssisləri iştirak ediblər.

Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi tibb xidməti polkovniki Anar İsmayılov qonaqları salamlayaraq vətəndaşların və hərbi qulluqçuların tibbi şəhadətləndirilməsi prosesinin müasir dövrün tələblərinə, tibb elminin nailiyyətlərinə və qabaqcıl beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsinin vacibliyini qeyd edib.
 

Aparılan müzakirələr zamanı "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"yə dəyişikliklərin edilməsi ilə bağlı qurumların rəyləri dinlənilib və vahid yanaşmaya əsaslanan təkliflər paketinin hazırlanması istiqamətində fikir və mülahizələr səsləndirilib.


Bununla yanaşı, dövlət qurumlarının tibbi ekspert komissiyalarının nümayəndələri tərəfindən irəli sürülən təkliflər ümumiləşdirilib, normativ tənzimləmələrin daha səmərəli, şəffaf və müasir tələblərə uyğun təkmilləşdirilməsi istiqamətində əsas yanaşmalar müəyyən edilib.

Qeyd edək ki, müşavirə hərbi tibbi ekspertiza sahəsində yeni baxışların formalaşdırılması, qabaqcıl təcrübələrin nəzərdən keçirilməsi və vahid ekspert yanaşmasının müəyyən edilməsi baxımından mühüm əhəmiyyətə malikdir.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin