Bu gün Aprel şəhidinin doğum günüdür – FOTO

Hazırda oxunan: Bu gün Aprel şəhidinin doğum günüdür – FOTO

616508

Bu gün Şəkidən olan Aprel döyüşləri şəhidi Elnur İsgəndərovun anadan olduğu gündür.

Yaşasaydı, qəhrəman zabitimizin 37 yaşı tamam olacaqdı. Lakin o, canından əziz bildiyi torpaq uğrunda şəhadətə ucalaraq ömürlərə hakim, dillərə dastan oldu.

Bizim.Media şəhidimizin şərəfli ömür və döyüş yolunu təqdim edir:

Leytenant rütbəsindən Xüsusi Təyinatlı Qüvvələrə

Elnur İsgəndərov 1989-cu il iyunun 1-də Şəki şəhərində anadan olub. 2006-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (AAHM) daxil olub, 2010-cu ildə isə həmin ali hərbi ocağı leytenant rütbəsi ilə bitirib.

Ali hərbi təhsilini tamamladıqdan sonra o, Bakı şəhərində yerləşən "N" saylı hərbi hissədə, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) bölməsində xidmətə başlayıb.

Aprel döyüşləri və şəhadət

Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı Elnur İsgəndərov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən şiddətli döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Aprelin 11-də doğulduğu Şəki şəhərində izdihamla son mənzilə yola salınıb.

Şəhidimiz ailəli idi, ondan geriyə Elman adında bir oğlu yadigar qalıb.

Elnur İsgəndərov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif edilib.

"Zəfər müjdəsi - Aprel"

Xatırladaq ki, Aprel döyüşlərinin 10-cu ildönümü günlərində baş leytenant Elnur İsgəndərovun xatirəsinə həsr edilmiş “Zəfər müjdəsi - Aprel” adlı anım tədbiri keçirilib.
 

Tədbirdə Aprel döyüşlərinin hərbi-siyasi və strateji əhəmiyyətindən danışılıb, bu qələbənin 2020-ci ildəki böyük Zəfərə aparan yolun əsas başlanğıcı olduğu vurğulanıb. Çıxış edənlər qeyd ediblər ki, Elnur İsgəndərov kimi oğulların igidliyi sayəsində düşmən işğalında olan bəzi strateji əhəmiyyətli yüksəkliklər azad olunub və Ermənistan ordusunun "məğlubedilməzlik mifi" darmadağın edilib.


Bu gün şəhidimizin məzarı doğmaları və ictimaiyyət nümayəndələri tərəfindən ziyarət olunub, xatirəsi ehtiramla yad edilib.








Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin